16 noyabr tarixində Yaponiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi Bakı Limanına səfər edib. Baş direktor Taleh Ziyadov ilk öncə cənab səfiri ölkəmizdə yeni fəaliyyətə başlaması münasibətilə təbrik edib. Daha sonra limanın son 10 ay, xüsusən də COVİD-19 pandemiyası dövründə fəaliyyəti haqqında qısa məlumat verib. Baş direktor bildirib ki, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində dünya logistika xəritəsində ciddi məhdudiyyətlər tətbiq olunsa da, Azərbaycan üzərindən keçən və Avropadan Mərkəzi Asiyaya uzanan “Orta Dəhliz” tam gücü ilə işləməkdədir.
Bu ilin ilk 9 ayı ərzində Bakı Limanında ümumi yükaşırmanın həcmi keçən ilin müvafiq dövru ilə müqavisədə 19 % artıb və limandan 3.5 milyon tondan çox yük aşırılıb. İnfeksiyasının yayılmasının qarşısının alınması və yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə Bakı Limanına daxil olan bütün TIR sürücülərindən ilk öncə laborator analizlərin götürüldüyü, səhhətləri nəzarət altında saxlanıldlğı və testin cavabı çıxana qədər, yəni 8 saat ərzində xüsusi zonada qaldıqlarını bildirilib. Daha sonra cavabları neqativ çıxan sürücülər liman ərazisində yerləşən təmiz zonaya daxil olurlar və bu zonada onların rahatlığı üçün tam şərait yaradılıb.
Görüşün sonunda səfir əyani şəkildə limanın terminalları ilə tanış olub, onu maraqlandırılan suallara cavab verilib, iki ölkə arasında əlaqələrin gücləndirlməsi barədə müzakirələr aparılıb.