“Malların ixrac qeydi ilə satışı Qaydası” sahibkarlara nə verəcək?

39

“Nazirlər Kabinetinin 448 № li Qərarı ilə “Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edilib. Bu qayda ölkə ərazisində istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan peşəkar ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir”.

“Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun şöbə rəisi Elnur Yusifov bildirib.

Onun sözlətrinə görə, “Malların ixrac qeydi ilə satışı Qaydası”nda ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər, malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət, ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır.

“Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) “Qayda”da onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər. “Qayda”nın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, “Qayda” ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur. İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə (0) dərəcə ilə cəlb olunur.

Bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır, ”- deyə o qeyd edib.