SOCAR “LUKoil” ilə mövcud əməkdaşlığın genişləndirilməsini müzakirə edib

274

OCAR və “LUKoil” şirkətləri mövcud əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev və “LUKoil”un prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib. SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin də iştirak etdiyi görüşdə “LUKoil” şirkəti ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə “LUKoil”un iştirakı yüksək qiymətləndirilib, “Naxçıvan”, “Qoşadaş” strukturlarında əməkdaşlığın davam etdirilməsi haqqında müzakirələr olub.

V.Ələkbərov “LUKoil” şirkətinin mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib, Azərbaycanda neft-qaz kəşfiyyatı və hasilatı sahəsində keçirilən digər layihələrdə də şirkətin mümkün iştirakı ətrafında müzakirələr aparılıb.

“LUKoil” şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Həmçinin cari ilin yanvarında iki şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair anlaşma memorandumu imzalanıb. Bundan başqa, “LUKoil” Azərbaycanda pərakəndə yanacaq bazarında iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır