Ömrünün yarım əsrdən çoxunu Gəmiçiliyə həsr edən mahir mexanik Siyasət Əliyev vəfat edib

103

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  kollektivinə ağır itki üz verib. Bütün şüurlu həyatını Gəmiçilliyə həsr edən qocaman mexanik Siyasət Abdul oğlu Əliyev dekabrın 5-də ömrünün 73-cü ilində vəfat edib.

Siyasət Əliyev 1947-ci il mayın 1-də Cəlilabadda anadan olub. Əmək fəaliyyətinə ilk sətirlər 1967-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin “Paris Kommunası” adına Gəmi Təmiri İstehsalat Birliyində yazılıb. Sonralar Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinin “Gəmi mexaniki” fakültəsini, Odessa Ali Dəniz Mühəndisləri Məktəbini bitirib. 1973-cü ilin yanvarından Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində üzüb. Motorçudan baş mexanik vəzifəsinə kimi yüksələn Siyasət Əliyev peşəsinin ustası kimi tanınıb.

1986-cı ildə Dəniz Donanması Nazirliyinin Odessadakı Təkmilləşdirmə İnstitutunda kapitanın birinci köməkçisi kursunda təhsil alıb. Bir müddət gəmilərdə kapitanın birinci köməkçisi vəzifəsində çalışdıqdan sonra yenidən mexanik kimi fəaliyyətini davam etdirib. 1995-ci ildə Gəmçilikdə Donanmanın texniki istismar xidməti rəisinin müavini təyin olunub. 10 aydan sonra isə Gəmiçiliyin baş mühəndisi vəzifəsinə irəli çəkilib. 1997-ci ildən Texniki şöbənin rəisi işləyib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yarandıqdan sonra Texniki şöbənin rəisi işləməklə yanaşı, Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələrə mexanik ixtisasının sirlərini öyrədib. 

Siyasət Əliyevin əməyi həmişə yüksək qiymətləndirilib. 2008-ci ildə “Dəniz Donanmasının Fəxri işçisi” adına layiq görülüb. 2014-cü ildə “Tərəqqi” medalı, 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Ömrünün yarım əsrdən çoxunu Gəmiçiliyə həsr edən mahir mexanik, gözəl insan olan Siyasət Əliyev heç vaxt unudulmayacaq, xatirəsi daim ürəklərdə yaşayacaq.

ASCO rəhbərliyi və kollektivi adından həmkarımız Siyasət Əliyevin vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!

seanews.az