Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin investisiya potensialına həsr olunan forum keçiriləcək

44

X beynəlxalq “Caspian Energy Investment Forum Baku – 2020” dekabrın 23-də onlayn formatda keçiriləcək.

“Caspian Energy Club”dan AZƏRTAC-a bildirilib ki, “Caspian Energy Investment Forum Baku” 2020-ci ilin yekunlarına və Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin investisiya potensialına həsr olunacaq.

“Caspian Energy Investment Forum Baku – 2020”nin işində 50 ölkədən 1500-dən çox nümayəndə iştirak edəcək. Onların sırasında dövlət qurumlarının rəhbərləri, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçıları, həmçinin Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik və beynəlxalq missiya nümayəndələri də var.

Forumda ilin iqtisadi yekunları, pandemiyanın iqtisadiyyatın müxtəlif sahələrinə təsiri müzakirə olunacaq. Ekspertlər pandemiyanın mənfi təsirlərinin azaldılması istiqamətində Azərbaycanda və region ölkələrində tətbiq olunan təcrübəni bölüşəcək, növbəti ildə iqtisadi proseslərin əsas və alternativ inkişaf yollarını müzakirə edəcəklər.

Müzakirələr zamanı əsas diqqət Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına və inkişafına yönəldiləcək. Forumda spikerlərin çıxışı ilə yanaşı, iştirakçıların çatda ünsiyyət və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar da nəzərdə tutulub. Azərbaycan Respublikasında nümayəndəliyi olmayan şirkətlər dekabrın 18-dək qeydiyyatdan keçdikləri halda tədbirdə ödənişsiz iştirak edəcək. Forumda iştirak üçün qeydiyyat: “http://caspianenergy.club”.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır