Etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və buna görə tətbiq edilmiş intizam tənbehi tədbirləri barədə illik hesabat

49

Bildirmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planının 8.10.1-ci yarımbəndinə uyğun olaraq cari ilin 14 – 18 sentyabr tarixlərində Dövlət Dəniz Agentliyində koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə ilə bağlı sanitar-epidemioloji qaydalara riayət edilməklə hər gün müxtəlif əməkdaşlardan ibarət tərkib üçün Agentliyin etik məsələlər üzrə məsul şəxsi Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin Kadr sektorunun müdiri Elçin Əliyev tərəfindən “Dövlət qulluqçularının etik davranışı” mövzusuna həsr olunmuş maarifləndirici təlim keçirilmişdir.

Təlim zamanı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun əsas məqsədlərinin dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi olduğu vurğulanmış, eyni zamanda hər bir dövlət qulluqçusunun öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı olduğu, eləcə də etik davranış qaydalarına və prinsiplərinə əməl etməli olduğu qeyd edilmişdir.

Habelə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun dövlət qulluqçusunun vicdanlı davranışı, loyallığı, dövlət orqanlarına və dövlət qulluqçusuna olan ictimai etimadın artırılmasında dövlət qulluqçusunun rolu, dövlət qulluqçusundan tələb olunan mədəni davranış, dövlət qulluqçusunun qərəzsizliyi, dövlət əmlakından və məlumatlardan istifadə zamanı tələb olunan davranış forması, konfidensiallığın qorunub saxlanmasına riayət edilməsi ilə bağlı normaları barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir.

Həmçinin dünyada geniş yayılmış koronavirus (COVID-19) infeksiyası, bu çətin şəraitdə dövlət qulluqçularının məsuliyyətli davranışı və üzərlərinə düşən öhdəliklər, habelə karantin rejiminin tələblərinə ciddi əməl edilməsi barədə məlumat verilmiş və virusa yoluxmaqdan maksimum qorunmaq üçün şəxsi gigiyenaya, tibbi-profilaktik qaydalara, preventiv tədbirlərin şərtlərinə əməl olunmasının vacibliyi vurğulanmışdır.

Eyni zamanda Agentlikdə rəhbərlik tərəfindən işçilərin etik davranış qaydalarına əməl olunmasına ciddi nəzarət edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmış, tədbir iştirakçılarını maraqlandıran digər məsələlərlə bağlı suallar ətraflı cavablandırılmışdır.

Bunlarla yanaşı qeyd etmək istərdik ki, Agentlikdə dövlət qulluğu və kadr işləri ilə bağlı həyata keçirilən tədbirlərin uğurlu nəticəsi olaraq cari il ərzində dövlət qulluqçularının qeyri-etik davranışı və etik davranış qaydalarının pozulmasına görə qanunvericiliyə uyğun olaraq intizam tənbehi tədbirlərinin tətbiq edilməsi halları mövcud olmamışdır.