İxrac təşviqi nəticəsində əldə edilən vəsaitlər vergiyə cəlb olunurmu?

41

Qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac potensialının artırılması məqsədilə atılan addımlardan biri də ixrac təşviqi proqramınının reallaşdırılmasıdır. İxrac təşviqi məhsulun ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərinin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ixracatçıya ödənilməsi mexanizmidir.

AZƏRTAC xəbər verir ki, bu proqramın işləmə mexanizmini şərh edən iqtisadçı ekspert Mahmud Abasquliyevin sözlərinə görə, ixrac təşviqi bir sıra qeyri-neft məhsullarına şamil olunur. Bu məsələ Nazirlər Kabinetinin 2016-cı il 6 oktyabr Qərarı ilə tənzimlənir.

Ekspert qeyd edib ki, müddəti 2020-ci ilin dekabr ayınadək qüvvədə olan həmin qərar yenidən nəzərdən keçirilib və vaxtı uzadılıb: “Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün icra olunan yol xəritələrində ixracın təşviqinə xüsusi yer ayrılıb. Sektorun inkişafına təkan verən məhsulların yerli istehsalını artırmaq üçün onları xaricə ixrac edən zaman dəyərinin müəyyən məbləği geri qaytarılır. Məsələn, yumurta, təbii bal, xurma, nar, zeytun, yağ, şirələr, meyvə-tərəvəz məhsullarını xaricə çıxaran zaman gömrük dəyərindən həmin malın dəyərinin müəyyən faizi hesablanaraq ixracatçıya geri qaytarılır. İxrac təşviqinin baza məbləği 3 faiz təşkil edir. Əlavə olaraq məbləğə 1 və 2 əmsalları da tətbiq olunur”.

Vergi Məcəlləsinin 102.1.35-ci maddəsinə istinad edən M.Abasquliyev diqqətə çatdırıb ki, fiziki şəxslərin ixrac təşviqi sənədinə əsasən əldə etdiyi məbləğ gəlir vergisindən azaddır. Məcəllənin 106.1.27-ci maddəsinə əsasən, hüquqi şəxslərin ixrac təşviqinə görə əldə etdiyi gəlirlər mənfəət vergisindən azaddır və həmin məbləğlər sadələşdirilmiş vergi və əlavə dəyər vergisinə cəlb olunmur. Dövlət vəsaiti hesabına, yəni ixrac təşviqinə uyğun olaraq ixracatçıya qaytarılan məbləğlər vergi öhdəliklərindən azaddır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır