ADDA tələbələrinə təqaüd kartları təqdim ediləcək

51

Məlum olduğu kimi, koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə bir sıra məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlərdən biri olaraq respublikamızın bir çox bölgələrinə giriş-çıxış qadağan olunub. Belə olan halda 2020/2021-ci tədris ilində ADDA-ya dövlət sifarişi əsasında qəbul olunan 1-ci kurs tələbələrinə təqaüd kartlarının təqdim edilməsi prosesində çətinliklər yaranmışdı.

Akademiya rəhbərliyi, həmişə olduğu kimi, tədrisin təşkilində yarana biləcək problemlərin həll edilməsi istiqamətində daim müvafiq tədbirlər görməkdədir.

Bu tədbirlərin davamı olaraq, ADDA rəhbərliyinin tapşırığı ilə Mühasibat uçotu və hesabatı şöbəsi 1-ci kurs tələbələrinin təqaüd kartlarının rahat şəkildə əldə edilməsinə köməklik göstərilməsi üçün Kapital Banka müraciət ünvanlayıb.

Kapital Bankın Səbail Filialının göstərdiyi anlayış nəticəsində tələbələr üçün əlverişli variant seçilib. Belə ki, daimi qeydiyyatı respublikamızın bölgələrində olan bütün 1-ci kurs tələbələri öz təqaüd kartlarını rayon mərkəzlərindəki Kapital Bank filiallarından əldə edə biləcəklər. 

Artlq mühasibatlıq tərəfindən tələbələrin siyahısı banka təqdim edilib və kartlar hazır olan kimi xüsusi poçt vasitəsilə müvafiq rayon filiallarına göndəriləcək.

Tələbələrimiz gələn həftədən başlayaraq öz rayon mərkəzlərindəki Kapital Bank filialları ilə əlaqə saxlaya bilərlər.

Bakı, Sumqayıt, Xırdalan şəhəri və Abşeron rayon qeydiyyatında olan tələbələr Kapital Bankın Səbail filialı ilə əlaqə saxladıqdan sonra ora yaxınlaşıb kartlarını götürə bilərlər. Bankın Səbail filialı Akademiyanın əsas binası ilə üzbəüz yerləşir.

Bu işdə bizə dəstək olduqları üçün Kapital Bankın Səbail filialının əməkdaşlarına təşəkkürümüzü bildiririk.

ADDA rəhbərliyi bütün tələbələrinə tədris prosesində uğurlar arzulayır və bir daha virusun geniş yayılmasının qarşısının alınması məqsədilə hamını dövlət tərəfindən görülən tədbirlərə dəstək göstərməyə, özünüzün və ailənizin sağlamlığı naminə COVID-19 virusu ilə mübarizədə karantin tələblərinə ciddi riayət etməyə çağırır.

Mənbə:http://adda.edu.az/