Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun iclasında iştirak edib

57

Beynəlxalq Nəqliyyat Forumuna üzv ölkələrin növbəti iclası keçirilib.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Nazirlərin COVID-19 və Nəqliyyat mövzusunda xüsusi qeyri-rəsmi dəyirmi masası” video-bağlantı formatında təşkil edilib.

Tədbirdə Azərbaycanı nazir müavini Elmir Vəlizadə təmsil edib.

O, Azərbaycanın pandemiya dövründə də öhdəliklərinə məsuliyyətlə yanaşdığını, etibarlı tranzit və logistika mərkəzi olaraq ərazisi üzərindən maneəsiz tranzit trafikini təmin etdiyini bildirib. “Pandemiya şəraitində ölkələrimiz arasında açıq ticarətin qorunması və beynəlxalq yükdaşımalarının fasiləsiz həyata keçirilməsi vacibdir. Azərbaycan Respublikası Hökumətinin qərarına uyğun olaraq, xarici yük maşını sürücüləri maneəsiz Azərbaycan ərazisinə daxil ola və ya ölkə ərazisindən tranzit keçə bilirlər”, – deyə nazir müavini iştirakçıların diqqətinə çatdırıb.

E. Vəlizadə qeyd edib ki, yük maşını sürücülərinin, digər insanlarla təmaslarını minimuma endirmək məqsədilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında xüsusi ayrılmış istirahət və yemək yerləri yaradılıb.

Nazir müavini nəqliyyatdakı inkişaf tendensiyaları və COVID-19 pandemiyasının nəqliyyat əməliyyatları və xidmətlərində rəqəmsallaşdırma da daxil olmaqla müasir texnologiyaların tətbiqinin vacibliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.