Avropa İttifaqının rəhbərliyi TAP kəmərinin fəaliyyətə başlamasını alqışlayıb

49

“Euractive” xəbər portalında “Komissiya Xəzər qazının Avropa İttifaqı ölkələrinə gəlməsini alqışlayır” adlı məqalə yayımlanıb.

Bu barədə “Report” Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məqalədə Avropa Komissiyasının Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik Boru Kəmərinin (TAP) istismarına başlanılmasını alqışladığı bildirilib.

“Euractiv”ə şərh verən Avropa Komissiyasının sözçüsü Tim Makfi deyib ki, Avropa İttifaqının rəhbərliyi Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən və Xəzər dənizində hasil edilən təbii qazı Avropa istehlakçısına çatdıran TAP kəmərinin fəaliyyətə başlamasını alqışlayır.

Onun sözlərinə görə, bu layihə seçimi və rəqabəti artıracaq, enerji təhlükəsizliyini inkişaf etdirəcək və xüsusilə də İtaliya, Yunanıstan və Bolqarıstan, həmçinin Avropanın Cənub-Şərq regionda qaz tədarükünü şaxələndirəcəkdir: “TAP – Avropa İttifaqının ümumi maraqlarını təmin edən layihədir və Cənub Qaz Dəhlizin vacib hissəsidir”.