Azərbaycanın fəaliyyəti Beynəlxalq Dəniz Təşkilatı tərəfindən yüksək dəyərləndirildi

84

Birləşmiş Millətlər Təşkilatının nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatı koronavirus (COVID-19) pandemiyası dövründə dənizçi peşəsinin “xüsusi diqqətə ehtiyac olan” peşə kimi nəzərə alınaraq müvafiq tədbirlərin görülməsi barədə 174 üzv dövlətə tövsiyyə məktubu ünvanlamışdı. Beynəlxalq Dəniz Təşkilatının tövsiyyəsinə Azərbaycan Respublikası daxil olmaqla 46 üzv dövlət riayət edib.

Azərbaycan dövlətinin koronavirus pandemiyası dövründə dəniz nəqliyyatı sahəsinə, bu sahədə çalışan dənizçilərin həyatına xüsusi diqqət yetirməsi Beynəlxalq Dəniz Təşkilatı tərəfindən yüksək dəyərləndirilib.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası dövründə dənizçi peşəsinin xüsusiyyətləri və xüsusilə onların tez-tez müxtəlif ölkələrə səyahət etməli olduqları nəzərə alınmaqla dənizçilərin qarşılaşdıqları və qarşılaşa biləcəkləri çətinliklərin aradan qaldırılması məqsədilə Beynəlxalq Dəniz Təşkilatının tövsiyələri əsasında Dövlət Dəniz Agentliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir və bu proses daim diqqətdə saxlanılır.

Beynəlxalq Dəniz Təşkilatı tərəfindən üzv dövlətlərə ünvanlanan məktubda, koronavirus (COVID-19) pandemiyasının törətdiyi fəsadlar nəticəsində gəmi heyətinin dəyişdirilməsi zamanı tez-tez böhran vəziyyətinin baş verməsi, dənizçilərin hüquqlarının kobud şəkildə pozulması ilə bağlı Təşkilata çoxlu sayda müraciətlərin daxil olması və bunların qarşısının alınması məqsədilə dənizçilərin təhlükəsiz, maneəsiz gediş və gəlişinin təmin olunması, həmçinin lazımi tibbi vasitə və yardımlarla təchiz edilməsi, bu istiqamətdə müvafiq tədbirlərin görülməsi ilə əlaqədar olaraq Təşkilata məlumat verilməsinin tələb olunduğu vurğulanmışdı.