Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi Avropada enerji oyun qaydalarını dəyişir – ideya Avropa diplomatiyasının özündən gəlir…

24

“Cənub Qaz Dəhlizi” Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında oyunun qaydalarını dəyişir. Bu barədə Xorvatiyanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildiriblər. Qeyd olunub ki, tədarükün şaxələndirilməsi və təhlükəsizliyi Avropa İttifaqının enerji sahəsində müzakirə olunan iki vacib mövzudur:

“Cənub Qaz Dəhlizi” həm Xorvatiya, həm də Cənub-Şərqi Avropaya tədarükün şaxələndirilməsi və təhlükəsizliyini təmin edəcək. Bu, Aİ-yə tədarükün təhlükəsizliyinin təmin olunmasında oyunun qaydalarını dəyişir. Bu layihə birmənalı şəkildə bütün Avropa üçün təhlükəsiz şəkildə qaza çıxışı təmin edəcək”.

Avropadan Azərbaycanın təşəbbüskarlığı ilə reallaşan layihəyə verilən bu yüksək qiymətlə bağlı ekspertlər nə düşünür?

  • Günay Hüseynova: “Cənub Qaz Dəhlizi” bundan sonra uzun illər Avropanın enerji təhlükəsizliyini təmin edəcək”

İqtisadçı ekspert Günay Hüseynova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Cənub Qaz Dəhlizi” Avropanı Xəzər dənizi ilə bağlayan, Avrasiyanın enerji xəritəsini yenidən dizayn edən dünyamiqyaslı infrastruktur layihəsidir: “İlkin mərhələdə 7 dövləti birləşdirən bu layihədə bu gün 18 dövlət, 19 beynəlxalq şirkət və 5 qlobal maliyyə təsisatı iştirak edir. Maliyyə tutumu 33 milyard dollar olan  “Cənub Qaz Dəhlizi” bundan sonra uzun illər Avropanın enerji təhlükəsizliyini təmin edəcək, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının nəqlini həyata keçirəcək, bölgəyə və ölkələrə sabitlik, inkişaf, əməkdaşlıq və rifah gətirəcək. Azərbaycanın kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünün başlanması ilə “Cənub Qaz Dəhlizi”nin strateji məqsədinə nail olundu. Bu qlobal enerji təhlükəsizliyi layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin yüksək siyasi iradəsinin və qətiyyətli enerji siyasətinin töhfəsidir. “Cənub Qaz Dəhlizi”nin əsas resurs mənbəyi olan “Şahdəniz” yatağından hasil edilmiş təbii qazın Türkiyə bazarına 2018-ci ilin iyunun 30-dan TANAP-la nəqlinin ardınca ilk dəfə Avropa bazarına daxil olması Azərbaycanın qaz ölkəsi kimi inkişafında yeni səhifə açır. Enerji təhlükəsizliyi layihələri Azərbaycanın liderliyi ilə qətiyyətlə həyata keçirilir. Ölkəmiz “Cənub Qaz Dəhlizi”nin bütün seqmentləri üzrə əldə edilmiş nailiyyətlərin nümunəsində öhdəliklərinə yüksək səviyyədə sadiqliyini və enerji sahəsində etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.

Avropaya təbii qazın nəqli tədarük bazarlarını şaxələndirməklə istehsalçı kimi ölkəmizin, mənbə və marşrutları diversifikasiya etməklə isə istehlakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Böyük coğrafiyada inkişafa və sabitliyə töhfə verəcək. 25 il ərzində Avropa ölkələrinə tədarük ediləcək illik 10 milyard kubmetrdən çox qaz həcminin 8 milyard kubmetri İtaliyaya, 2 milyard kubmetri bərabər şəkildə Yunanıstan və Bolqarıstana, qalan hissəsi isə ətraf bazarlara ixrac olunacaq. Avropanın cənubunun yeni mənbədən qazla təchiz edilməsi istehlakçıların daha münasib şərtlərlə enerji ilə təminatına şərait yaradacaq”.

Ekspertin sözlərinə görə, qarşılıqlı faydalı çoxtərəfli əməkdaşlığı ehtiva edən “Cənub Qaz Dəhlizi” layihəsi üzrə əldə olunan uğur qlobal enerji təhlükəsizliyi sistemini möhkəmləndirəcək tarixi hadisədir.