Yanvar ayında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 1,5 dəfə artıb

62

021-ci ilin yanvar ayında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 1 milyard 607,1 milyon kubmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 50,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar ayında magistral qaz kəmərləri ilə nəql edilən qazın 45,3%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.

Bütövlükdə, hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 3 milyard 549,3 milyon kubmetr qaz (artım 12,2%) nəql edilib.

Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstana və əsasən də Türkiyəyə ixrac olunur. Bununla yanaşı, Azərbaycan Türkiyəyə yalnız bu yataqdan qaz tədarük edir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.

interfax