“Dostluq” yatağı üzrə Azərbaycan və Türkmənistanın pay bölgüsü məlum oldu

40

Azərbaycan və Türkmənistan arasında yanvarın 21-də imzalanmış “Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağımım karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimlənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qanun layihəsinin təfərrüatları açıqlanıb.

“Report”un məlumatına görə, qanun layihəsinə əsasən, tərəflər “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi məqsədi ilə həmin yatağın coğrafi koordinatlarını müəyyən edəcəklər.

“Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30 % Azərbaycana, 70 % Türkmənistana nisbətdə bölüşdürüləcək.

“Dostluq” yatağından çıxarılmış, beynəlxalq bazarlara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat-tranzit sistemlərinin istifadə edilməsi ilə rəqabət qabiliyyətli şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun olaraq həyata keçiriləcək. Bu konteksdə tərəflər karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli sahəsində ən səmərəli beynəlxalq əməkdaşlıq formalarını istifadə edəcəklər.

“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökümətlərarası saziş bağlanacaq.

Hökumətlərarası sazişin işlənib hazırlanması və razılaşdırılması məqsədilə tərəflər birgə işçi qrup yaradırlar. Birgə işçi qrupunun tərkibinə daxil olacaq tərəflərin nümayəndələri barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandıracaqlar. Birgə işçi qrupu mümkün qısa müddət ərzində hökumətlərarası sazişin layihəsini hazırlayacaq və razılaşdıracaq.

Qeyd edək ki, “Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağımım karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimlənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qanun layihəsi müzakirə üçün Milli Məclisə təqdim edilib.