Artan neft qiymətləri Azərbaycanın maliyyə təhlükəsizliyini gücləndirir…

64

Aparılan son araşdırmalardan belə məlum olur ki, art;q neft qiymətləri pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Ekspertlər qeyd edir ki, proseslərin gedişi cari ildə neftin qiymətinin 60 dollardan aşağı düşməyəcəyini göstərir. Hazırda ABŞ-da havaların kəskin soyuması neft hasilatına ciddi şəkildə təsir edib. Belə ki, ABŞ-da xam neft istehsalı 40 faiz azalıb. Nəticədə “Brent” markalı neftin bir barrelinin qiyməti yenidən 60 dolları keçərək pandemiyadan əvvəlki səviyyəyə qayıdıb.

Qeyd edək ki, ABŞ-da neft hasilatı 4 milyon barreldən çox azalıb. İstehsaldakı bu geriləmə onsuz da artmaqda olan qlobal neft bazarında dəstəkləyici rol oynayıb. Xatırladaq ki, ötən həftə ABŞ-ın cənub ştatlarını cənginə alan çovğun və şaxtalı havalar nəticəsində? xüsusilə Texasdakı enerji infrastrukturu iflic olub, neft hasilatı milyonlarla barrel azalıb ki, bu da qiymət artımına rəvac verib. Ümumiyyətlə, neft qiymətləri cari ildə 26 faiz artıb. Səudiyyə Ərəbistanında neft hasilatına dair məhdudiyyətlərin tətbiqi qiymət artımında əsas rol oynayıb.

Bundan başqa, Neft İxrac Edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv ölkələrin (OPEC+) nazirlərinin monitorinq komitəsinin son iclasının nəticələrinə dair hesabatda bildirilir ki, COVID-19 peyvəndlərinin dünyada geniş yayılması 2021-ci ilin ikinci yarısında daha sürətli iqtisadi inkişafa gətirib çıxaracaq və bu da enerji istehlakının artımına səbəb olacaq. Bu xüsusda Səudiyyə Ərəbistanının təklifi ilə qlobal enerji liderləri Beynəlxalq Enerji Forumu çərçivəsində keçirilən virtual sessiyada müvafiq müzakirələr də aparıb. Səudiyyə Ərəbistanının enerji naziri, şahzadə Əbdüləziz bin Salman qlobal neft bazarında sabitliyə zərbə vuran möhtəkirlərə xəbərdarlıq edib. Ötən il xam neftin qiymətlərində dramatik vəziyyəti xatırladan Əbdüləziz bin Salman qeyd edib ki, qlobal neft bazarında boşluqlardan istifadə edən möhtəkirlərin qarşısını almaq üçün OPEC+ çərçivəsində nəzarət mexanizmi gücləndirilməlidir. O əlavə edib ki, bütün bu məsələlər alyansın gələn ay keçiriləcək toplantısında geniş müzakirə olunacaq. Nazir vurğulayıb ki, bu gün neftin qiymətləri sabit olsa da, hasilatçı ölkələr tələbat və pandemiyanın vəziyyəti ilə bağlı hər cür sürprizlərə hazır olmalıdır. Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol hazırda neftə tələbatın sürətlə artdığını və bu tempin OPEC+ alyansı tərəfindən nəzarətdə saxlanılmasının zəruriliyini vurğulayıb. O əlavə edib ki, ölkələrin iqtisadi inkişafına mənfi təsir göstərən amillərdən biri də qiymətlərin kəskin artması və azalmasıdır: “Hasilatçı ölkələr qlobal bazarda sabitliyi təmin etmək üçün sıx koordinasiya şəraitində fəaliyyət göstərməlidir”. OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib ki, qlobal neft bazarında tələbatın artması ilə yanaşı, qeyri-müəyyənlik də davam edir. O qeyd edib  ki, rəhbərlik etdiyi kartel tələb və tədarükün tənzimlənməsini həyata keçirəcək və bu məsələdə nikbindir. Ümumilikdə 1,7 trilyon barrel ehtiyatı olan neft yataqlarının hələ açılmadığını da diqqətə çatdıran baş katib vurğulayıb ki, neft sektorunda sərmayələrin həcmi artırılmalıdır.

“JPMorgan Asset Management”in eksperti Kerri Kreyq də yaranmış vəziyyətdə qiymətlərin yüksək həddə qalacağını proqnozlaşdırır. O hesab edir ki, hazırda inkişaf etmiş ölkələrdə aparılan kütləvi peyvəndləmə nəticəsində dünya iqtisadiyyatının dirçəlməsinə dair nikbinliklə bağlı neftin qiymətləri daha da arta bilər: “Mən heç də bir barrelin 80, yaxud 90 dollara qalxacağını demirəm. Bəlkə də, qiymətlər indikindən 5-10 ABŞ dolları da artdı”. Ekspertin fikrincə, neft bazarında mümkün qiymət artımının daha bir səbəbi OPEC+ formatının iştirakçı ölkələrinin bundan sonra da hasilatı azaldacağı ola bilər: “Biz hələ də OPEC+da təklifi azaldanlara bel bağlayırıq. Məncə, bununla bağlı tələb-təklif nisbətinə dair hələ də suallar var”.

Hazırda neftin qiymətinə təsir edən əsas amil vaksinasiya ilə bağlı yaranan pozitiv gözləntilərdir. Çünki yanvarın əvvəllərindən dünyanın bir çox ölkəsində vaksinasiyaya start verildi. Bu hadisə dünyanın 2019-cu il səviyyəsinə geri dönməyə başlayacağı ümidlərini artırdı. Proses neft və neft məhsullarının qiymətlərinin artmasında əsas faktor hesab oluna bilər. Neftin qiymətinin artmasına təsir edən yuxarıda qeyd olunduğu kimi ikinci əsas amil OPEC+ ölkələrinin anlaşması ilə bağlıdır. Daha bir məsələ ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı könüllü olaraq hasilatı daha 1 milyon barrel azaltmağa qərar verdi. Bu da neft bazarında qiymətlərin yüksəlməsinə səbəb olan amillər sırasındadır. Ekspertlərə görə, neftin qiymətinin artmasına təsir edən daha bir səbəb ondan ibarətdir ki, dünyada həddindən artıq likvidlik bolluğu var. Yəni bütün ölkələr virusla mübarizə üçün mərkəzi banklar və hökumətlər tərəfindən ciddi təşviq paketləri açıqlayır. Bu təşviq paketlərinin dünya üzrə həcmi təqribən 15 trilyon dollara yaxınlaşır. Bu likvidlik bolluğu, istər-istəməz, qiymətli kağızlar bazarına da təsir göstərir. Bəzi investisiya fondları bol likvidliyi nəzərə alaraq, neft fyüçerslərinə yatırım etməyə başlayıb. Bu da, öz növbəsində, qiymətlərin yüksəlməsinə səbəb olub. Bundan başqa, neft bazarına müsbət təsir göstərəcək amillər arasında bu il İran və ABŞ arasında anlaşmanın yenidən bərpa edilməsi məsələsi də yer alıb. O da məlum faktdır ki, neftin yüksək qiymətləri hasilatçı kimi Azərbaycanın dövlət büdcəsinə müsbət təsir göstərir. Xatırladaq ki, 2021-ci ilin dövət büdcəsində neftin qiyməti 40 dollardan götürülüb. Amma indiki halda qiymətlər bundan azı 20 dollar artıqdır. Aydındır ki, neft qiymətləri nə qədər yüksəkdirsə, dövlət büdcəsinə bir o qədər əlavə vəsait daxil olacaq. İndiki zamanda bu vəsaitlər büdcə üçün çox vacibdir. Daxil olacaq əlavə vəsait əhalinin sosial rifahının yaxşılaşdırılması, şəhid, qazi ailələrinin ehtiyaclarının qarşılanması, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilə bilər.

Ramil QULİYEV