Türkiyə ilə preferensial ticarət Azərbaycana nə verəcək…

83

Vüqar Bayramov: “Bu saziş imkan verəcək ki, Azərbaycan Türkiyəyə daha çox mal ixrac etmək imkanına malik olsun”

“Türkiyə ilə Preferensial Ticarət Sazişinin 1 mart tarixindən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək”. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov media nümayəndələrinə açıqlamasında qeyd edib. Nazir bildirib ki, saziş bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə – idxal rüsumu ödənilmədən ixracına imkan yaradacaq.

Türkiyə ilə Preferensial Ticarət Sazişinin 1 mart tarixindən etibarən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrinin inkişaf etməsinə səbəb olacaq.

“…ölkənin qeyri-neft ixracatının artmasına səbəb olacaq”


Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yeni imzalanmış saziş gələn aydan qüvvəyə minəcək: “Saziş 15 mal qrupu üzrə kvota və rüsumların sıfırlanmasını nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, söhbət qeyri-neft sektorunda istehsal olunan mal qruplarından gedir. Bu saziş imkan verəcək ki, Azərbaycan Türkiyəyə daha çox mal ixrac etmək imkanına malik olsun. Beləliklə, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi daha da artacaq. Bu saziş Azərbaycan iş adamları üçün Türkiyə bazarına daha çox öz məhsullarını ixrac etmək imkanını qazandıracaq. Beləliklə, qardaş ölkənin bazarında rəqabət daha da geniş vüsət alacaq”.

Millət vəkili onu da əlavə etdi ki, yeni imzalanmış saziş Azərbaycana tələb olunan bir sıra malların Türkiyədən idxal olunmasına imkan yaradacaq. Bu, ölkəmizin qeyri-neft sektorunun ixrac imkanının genişləndirilməsi baxımından vacib hesab olunur. Güman olunur ki, bu yalnız Azərbaycan-Türkiyə xarici ticarət dövriyyəsinin böyüməsi deyil, ölkənin qeyri-neft ixracatının artmasına səbəb olacaq.

Günel CƏLİLOVA