Son 5 ildə Bakı Limanında TIR aşırılması 5 dəfə artıb

60

2020-ci ildə koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, Bakı Limanının ticarət dövriyyəsi 20 % artıb.

“Report” xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Amerika-Azərbaycan Ticarət Palatasının üzvləri ilə onlayn görüşdə deyib.

Onun sözlərinə görə, ötən il aşırılan irihəcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olub.

“Hesabat dövründə irihəcmli nəqliyyat vasitələrinin (TIR) sayı keçən ilin müvafiq dövrünə nisbətən 28 % artaraq 43 218 ədəd olub. Aşırılan konteynerlərin sayı isə 15 % artımla TEU ekvivalentində 40 345 konteynerə çatıb. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2,8 dəfə artaraq 711.7 min ton təşkil edib. Beləliklə, son 5 ilin göstəriciləri ilə müqayisədə irihəcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında aşırılan yüklərin həcmində isə 3,5 dəfə artım qeydə alınıb”, – o qeyd edib.