Sahibkarlar dövlət satınalmalarında hansı qaydalardan narazıdır…

45

Azərbaycan Sahibkarlar Konfederasiyası: “…problemləri qaldıran sahibkarlar birbaşa dövlət qurumu ilə əlaqə yaradıb fikirlərini dedilər”

Azərbaycan sahibkarları dövlət satınalmaları, yəni dövlət təşkilatlarının  keçirdiyi tender, kotirovka sorğuları və başqa satınalma üsulları zamanı yaradılan süni əngəllərdən narazılıqlarını bildirirlər. Yerli biznes öz narazılıq, şikayət və təkliflərini müvafiq dövlət qurumlarına ünvanlayıb.

Şikayətlərin bir qismi kotirovka sorğularında təklif vermə müddətinin olduqca qısa müəyyən edilməsi ilə bağlıdır. Sahibkarlar bildirirlər ki, bəzən elə kotirovka sorğuları olur ki, həftənin şənbə günü elan edilir, 1-ci gün isə başa çatır. Bu halda, sahibkarın burada qoyulan şərtlər, sənədlər toplusu ilə tanış olub təkliflər hazırlaması mümkün deyil. Sahibkarların digər narazılığı tenderə qatılmaq üçün tələb olunan bəzi sənədlərin kağız formasında tələb edilməsidir. Qaydalara görə, tenderə qatılan sahibkarlar Ədliyyə Nazirliyindən məhkumluğun olub-olmaması barədə arayış gətirməlidirlər. Arayış isə 1 ay müddətində verilir. Kotirovka sorğunun müddəti isə 3-5 gündür. Arayışı elektron əldə etməkdənsə, bunun kağız formasında qəbul edilməsi və müddətin azlığı sahibkarların haqlı narazılığına səbəb olur.

Həmçinin, iş adamları tender zərflərinin açılması prosesinin daha şəffaf olmasını istəyirlər. Sahibkarlar istəyirlər ki, tender zərflərinin açılması prosesində hətta onlayn da olsa iştirak edə bilsinlər.

  • onların dövlət satınalmalarında üzləşdikləri problemlərlə bağlı sorğu keçirilib”

Məsələ ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasından bildirdilər ki, ASK-nin tərkibindəki komissiyaların iştirakı ilə sahibkarlar arasında tenderlərdəki vəziyyət və onların dövlət satınalmalarında üzləşdiyi problemlərlə bağlı sorğu keçirilib. Eləcə də iş adamlarından onların tenderlərdə aktiv iştirak etməsi üçün hansı addımların atılması ilə bağlı təkliflər alınıb: “Həmin təkliflərlə çıxış edən və problemləri qaldıran sahibkarlar birbaşa dövlət qurumu ilə əlaqə yaradıb fikirlərini dedilər və bununla bağlı dövlət qurumunun mövqeyini öyrəndilər”.

Günel CƏLİLOVA