Tailandda turistlərə karantin müddətini yaxtada keçirmək təklif edilir

53

Tailanda gələn turistlər iki həftəlik məcburi karantin müddətini yaxtada keçirə biləcəklər.

AZƏRTAC “Nikkei Asia” media korporasiyasına istinadla xəbər verir ki, xidmətdən istifadə etmək istəyənlərin koronavirus testlərinin nəticələri mənfi olmalıdır. Həmçinin onlar səhhət göstəricilərini, o cümlədən bədən hərarətini, arterial təzyiqi ölçən və GPS vasitəsilə sahibinin yerini müəyyən edən “ağıllı” bilərzik taxmalıdır.

Beləliklə, ölkə hakimiyyəti bu yolla pandemiya səbəbindən böyük maliyyə itkiləri ilə üzləşən turizm biznesinə dəstək olmağa çalışır. Ötən ilin martında turistlər üçün sərhədlərini bağlayan Tailand oktyabr ayından başlayaraq tədricən xarici qonaqları qəbul etməyə başlayıb. Lakin ölkəyə gələn turistlər 14 günlük karantin rejimindən keçməlidir.

Karantin dövrünü yaxtada keçirmək barədə təklifin turizm kompaniyalarına əlavə gəlir gətirəcəyi gözlənilir.