“ADY Express” “SOCAR Polymer”in məhsullarını iki ölkəyə nəql edir

53

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəməsi – “ADY Express” MMC Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi – “SOCAR Polymer” MMC-nin istehsal etdiyi polipropilen/polietilen məhsulunu ixrac rejimində Rusiya və Qazaxıstana nəql edir.

Bu barədə “Report”a “ADY Express”dən bildirilib.

Məlumata görə, şirkətin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək yola salınır. Artıq 18 vaqona yüklənmiş 1 140 ton polipropilen/polietilen, 2 363 km yolu qət edərək Rusiyanın Noqinsk stansiyasına çatdırılıb. Mart ayının axırına qədər daha 2 460 ton polipropilen/polietilen 39 vaqona yüklənərək Noqinsk stansiyasına göndəriləcək.

Bu ayın sonuna qədər polipropilen yükü Qazaxıstana da nəql ediləcək. 800 ton polipropilen 13 vaqonla Qazaxıstanın Atırau stansiyasına göndərilir.

Qazaxıstana yüklərin daşıma marşrutu Rusiya ərazisindən keçir. Sumqayıt-Yalama-Atırau marşrutu ilə daşınan yüklər, 1 202 kilometr yolu qət etməli olur. Marşrut boyu daşımanı “ADY Express” şirkəti həyata keçirir.