Qırğızıstandan Avropaya Azərbaycan üzərindən yeni nəqliyyat dəhlizi…

56

Azərbaycan Orta Asiya üçün daha cəlbedici tranzit məkana çevrildi…

Azərbaycanın malik olduğu tranzit imkanlarından Orta Asiya ölkələrinin də istifadə etməsi getdikcə daha çox aktuallıq qazanmaqdadır. Bu məsələnin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Qırğızıstana səfəri fonunda yenidən gündəmə gəlməsi də qeyd edilənlərin təsdiqidir.

Aparılan danışıqlardan belə bəlli olur ki, Türkiyə və Qırğızıstan qarşılıqlı ticarətin, bu fonda nəqliyyat, logistika əlaqələrinin inkişafında maraqlıdır. Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev bildirb ki, danışıqlarda ölkələr arasında ticari-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib: “Türkiyə tərəfi Qırğızıstan-Türkiyə İnvestisiya Fondunun yaradılması təklifini irəli sürüb. Qırğızıstan, Rusiya və Macarıstan arasında artıq belə bir fond yaradılıb və uğurla fəaliyyət göstərir. Biz Türkiyə ilə əmtəə mübadiləsini 1 milyard dollara çatdırmağı qərara almışıq”. Mövlud Çavuşoğlu isə qeyd edib ki, ticarət, nəqliyyat və loqistika sahələrində maneələr aradan qaldırılmalıdır: “Qırğızıstanda və Türkiyədə logistik mərkəzlər qurulmalı, Qırğızıstandan Azərbaycana nəqliyyat dəhliz yaradılmalıdır. Sonra isə Qırğızıstandan mallar Azərbaycan vasitəsi ilə rahat şəkildə Gürcüstan, Türkiyə və Avropaya göndərilə bilər”. Qeyd edək ki, Türkiyə çoxdandır Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Orta Asiyayadək uzadılmasını təklif edir. Xatırladaq ki, Bakı-Tiflis-Qars 2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmiryol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. Bakı-Tiflis-Qars yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir.  İndiki halda bu dəmir yolu Mərkəzi Asiya ölkələri olan Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa, eləcə də  dünya bazarlarına çıxışını asanlaşdırır. İndi pandemiya səbəbindən iqtisadiyyatda üzləşdikləri çətinlikləri dəf etməkdən ötrü Mərkəzi Asiya ölkələri üçün də Bakı-Tiflis-Qars daha böyük önəm kəsb etməyə başlayır. Xatırladaq ki, bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Mərkəzi Asiya ölkələri bu xəttə daha fəal qoşulmaqla böyük iqtisadi dividendlər əldə edə bilər. Hazırda bu dəmir yolundan istifadədə Mərkəzi Asiya ölkələri sırasında Qazaxıstan daha aktiv iştirak edir. Digər Mərkəzi Asiya ölkələrinin də Bakı-Tiflis-Qarsdan istifadəsi onların ixrac imkanlarının artımına əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarındadır.

Bundan başqa xatırladaq ki,  sözügedən dəmir yolu xətti Avrasiya məkanında artıq polad magistralların birləşməsində mühüm həlqə sayəılır.  Hazırda geniş coğrafiyada cəlbedicilik yaradan bu marşrut Avropa İttifaqı ölkələrinin də Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqələrinin qurulmasında təkanverici qüvvəyə malikdir. Bu mənada Mərkəzi Asiya ölkələrinin daha fəal şəkildə Bakı-Tiflis-Qars xəttinə qoşulması onların özü üçün də müstəsna əhəmiyyət kəsb edir.

Digər tərəfdən yaxın perspektivdə Zəngəzur dəhlizi də istifadəyə veriləcək. Bundan da Orta Asiya ölkələri istifadə edə bilər. Qazaxıstanlı iqtisadçı ekspert Saparbay Jubayev bu xüsusda yeni yaradılan dəhlizin Orta Asiyanın geostrateji mövqeyini gücləndirəcəyini vurğulayır. Jubayev qeyd edib ki, Qazaxıstanın tranzit yolu Zəngəzur dəhlizi ilə şaxələndirilə bilər. O, Qazaxıstan və Azərbaycanın Xəzər dənizində qarşılıqlı yük gəmilərini qəbul etmək qabiliyyətinə malik limanlara sahib olduqlarını vurğulayıb: “Bu yolla Avropa və Çindən gələn yükləri Rusiya və ya İrandan keçmədən öz aramızda birbaşa daşımaq imkanımız var. Zəngəzur, yaxud Naxçıvan dəhlizi ilə Türkiyə, Azərbaycan və Qazaxıstan arasında “Qardaş ölkələr marşrutu” təşkil edilə bilər. Beləliklə, Türkiyənin Orta Asiya və Çinə yolu asanlaşacaq. Bizim də Türkiyə üzərindən Aralıq dənizi və Avropaya çıxış yolumuz genişlənəcək. Ən əsası,türk dövlətləri arasında qarşılıqlı gediş-gəliş artacaq”. İqtisadçı bildirib ki, məsələ ilə bağlı ən vacib məqamlardan biri bugünədək Azərbaycandan gələn bütün beynəlxalq və regional nəqliyyat dəhlizlərinin yalnız Gürcüstandan keçməsidir. İndi isə alternativ variantlar üzərində işlərə başlanılıb: “Nəqliyyat dəhlizləri arasında rəqabət hələ heç kimə mane olmayıb. Hətta deyərdim ki, faydalıdır. Çünki alternativ variantların olduğu bir yerdə rəqabət də olur və tranzitin qiyməti dəyişir. Əlbəttə ki, tranzit tərəflərindən hansınınsa gəlirləri azalacaq. Lakin bu hal gələcəkdə onun xidmətlərinə olan tələbatın artması ilə kompensasiya edilə bilər. Bu isə o deməkdir ki, yüklərin yeni yollarla daşınmasından həm Gürcüstan, həm də Azərbaycan qazanacaq”.

Araşdırmalar da göstırir ki, gələcəkdə Naxçıvan nəqliyyat qovşağı daha cəlbedici olmaqla Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynayacaq. Quru yolun bərpası ilə beynəlxalq yüklərin layihəsi planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmiryol xətlərinə qoşularaq Avropaya daşınması ilə Azərbaycandan Türkiyəyə yükdaşımaları asanlaşacaq. Nəticədə Azərbaycandan ixrac edilən məhsulların nəqliyyat xərcləri azalacaq və Naxçıvanın beynəlxalq logistika qovşağı olaraq Ağrı, Ərdahan, İğdır və Qars şəhərlərini əhatə edən Türkiyənin Şərqi Anadolu bölgəsi başda olmaqla, bütün Türkiyə ilə ticarət əlaqələri daha da genişlənəcək. Bu zaman Mərkəzi Asiya ölkələri üçün də yüklərini məhz Naxçıvan üzərindən çatdırmaq daha cəlbedici olacaq.

Nahid SALAYEV