İspaniyada narkotacirlərə məxsus sualtı qayıq aşkarlanıb

46

İspaniya polisi 2 tona qədər narkotik vasitə daşıya biləcək əldəqayırma sualtı qayıq aşkarlayıb.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, sualtı qayıq Malaqadakı anqarda ələ keçirilib.

Polisin versiyasına görə, doqquz metr uzunluğu olan qayıq narkotiklər daşınması üçün nəzərdə tutulur, lakin hələlik bu məqsədlə istifadə edilməyib. Onu digər beş ölkə nümayəndələrinin və Avropolun iştirakı ilə aparılan miqyaslı əməliyyat nəticəsində aşkarlamaq mümkün olub.

Bütün İspaniya üzrə keçirilən reydlərin gedişində 52 nəfər saxlanılıb. Kokain və həşiş yükü, habelə narkolaboratoriya aşkarlanıb.

BBC xatırladır ki, 2019-cu ildə İspaniyanın şimal-qərbində göyərtəsində iki ton narkotik olan sualtı qayıq tutulmuşdu.