Azərbaycanlı gəncin ixtirası beynəlxalq festivalda nümayiş olunacaq – FOTO /VIDEO

110

Azərbaycanlı gənclərin yeni ixtiraları diqqət çəkib.

Oxu.Az xəbər verir ki, gənclərin hazırladığı cihazlar Azərbaycan Texniki Universitetində keçirilən “Yaşıl enerji texnologiyaları” mövzusuna həsr olunmuş tədbirdə nümayiş olunub.

Təqdim edilən ixtiralardan biri bərpa olunan enerji mənbələri üzrə mütəxəssis olan gənclərə aiddir.

Yeni elektrik tənzimləyicinin müəllifi Ceyhun Xəlilova, efir dinamik generatorunun müəllifi isə Ruslan Hacıömərovdur.

Ceyhun Xəlilov deyir ki, yeni elektrik tənzimləyicinin müxtəlif variantlarından gündəlik həyatımızda, xüsusilə də məişət əşyalarının qorunması üçün istifadə olunur:

“Fazalar arasında fərq çox olanda istifadə edilən avadanlıq sıradan çıxır, işıq isə közərir. İxtira etdiyim unikal elektrik tənzimləyicinin özəlliyi də məhz bundan ibarətdir. Fazalar arasında nə qədər fərq olursa olsun, avadanlıqlar sıradan çıxmır, işıq isə közərmir”.

Digər maraqlı ixtira olan efir dinamik generatorunun müəllifi Ruslan Hacıömərov isə deyir ki, bu generator enerjini statik maqnit sahəsindən alır:

“Cihazı ilk dəfə işə salmaq üçün elektrik enerjisindən istifadə olunur. Bu gördüyünüz batareya yalnız cihazı işə salmaq üçün istifadə olunur, sonrakı proseslərdə onun heç bir əhəmiyyəti yoxdur. Gərginlik tənzimlədikdən sonra cihaza taxılan lampa dinamik effektlə işləyir. Bu yenilikdən gələcəkdə bütün innovativ layihələrdə istifadə etmək olur”.

Gənc ixtiraçı Ceyhun Xəlilovun yeni elektrik tənzimləyici qurğusu artıq beynəlxalq yarışmada iştirak hüququ qazanıb:

“Bu il Türkiyədə keçirilən texno festivalda bu cihazım nümayiş olunacaq”.

Könül Cəfərli