BP ADNSU-nun müəllim və tələbələrin ingilis dili biliklərini artırır

44

Bu gün BP şirkəti və tərəfdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müəllim və tələbələrin mühəndislik sahəsi üzrə ingilis dili biliklərinin artırılması məqsədini daşıyan bir layihəni tamamlayıb.

“Report”un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məumata görə, bu layihə BP və tərəfdaşlarının yerli universitetlərdə potensialın gücləndirilməsinə, o cümlədən tədrisin keyfiyyətinin artırılmasına göstərdikləri dəstək səylərinin bir hissəsidir.

Layihə nəticəsində təxminən 90 müəllim və 200 tələbənin bilik və səriştələri əhəmiyyətli dərəcədə təkmilləşdirilib.

Onların arasından ən yüksək nəticə göstərmiş 18 müəllim dilin praktik tədrisi və metodikası üzrə universitetdə müstəqil təlim keçmək üçün seçilmişlər. Onlar bu layıhədən qazandıqları peşəkar bacarıqlardan istifadə edərək müəllim və tələbələr üçün ingilis dili üzrə təlimlər keçəcəklər.

BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Baxmayaraq ki, ingilis dili Azərbaycanda neft-qaz mühəndisliyi üçün əsas bilik sahəsi deyil, o, beynəlxalq elmi mənbələrə və neft-qaz sahəsi üzrə zəngin ədəbiyyata birbaşa çıxış imkanı yaradır. Bundan əlavə, ingilis dili bilikləri ölkədə fəaliyyət göstərən çoxsaylı beynəlxalq təşkilatlarda və şirkətlərdə işə qəbul olma imkanlarını artırır. Layihəmizin möhtəşəm nəticələrini görməkdən məmnunluq duyuruq – təlim proqramını bitirən bütün iştirakçılar ingilis dili biliklərini ən azı bir səviyyə artırıblar. Lakin ən önəmli nəticə ondan ibarətdir ki, universitet indi artıq ixtisaslaşmış təlimçilər qrupuna malikdir – bu potensial sayəsində universitet kənardan yardım almağa ehtiyac olmadan öz müəllim heyəti və tələbələri üçün ingilis dili biliklərinin təkmilləşdirilməsini müstəqil şəkildə həyata keçirə biləcək”.

Layihə 2019-cu ilin may ayında birillik proqram kimi başlamışdı, lakin COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən proqramın tamamlanmasına daha uzun müddət tələb olunub.

Layihənin dəyəri təxminən 193 000 manatdır və o, “British Council” təşkilatı tərəfindən icra olunub.