Türkiyə, Ukrayna və Polşa arasında multimodal marşrut yaradılıb

57

Martın 30-dan etibarən Karasu limanı (Türkiyə) ilə Çernomorsk (Ukrayna) dəmir yolu-bərə keçidi və Slavkov şəhəri (Polşa) arasında multimodal yük daşımaları üçün yeni bir istiqamət açılacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Ukrayna Dəniz Limanlarının İdarəsi” (USPA) Dövlət Müəssisəsinin rəhbəri Oleksandr Golodnitskiy IV Ukrayna-Alman İqtisadi Forumu zamanı deyib.

Onun sözlərinə görə, marşrut Türkiyənin Karasu limanından Ukraynadakı Çernomorsk dəmir yolu-bərə kompleksindən Polşanın Slavkov şəhərinə qədər işləyəcək: “Yeni marşrut boyunca yük daşımalarını bir gün yarım sürətləndirəcək. Bir konteynerin Karasudan-Slavkova daşıma xərci isə 1,7 min avro olacaq”.

Xatırladaq ki, martın 5-də Ali Rada “Multimodal nəqliyyat haqqında” qanun layihəsini qəbul edib. Qanun layihəsinin məqsədi Ukraynada malların multimodal daşınmasının təşkilati və hüquqi əsaslarının tənzimlənməsi ilə yanaşı multimodal daşımalara dövlət dəstəyini təkmilləşdirməkdir.

Layihə çərçivəsində Ukraynada malların multimodal və kombinə daşınması konsepsiyası, multimodal terminal, multimodal nəqliyyat sənədi, operator və multimodal nəqliyyat müştərisi, multimodal nəqliyyat müqaviləsinin tərifini, onun əsas şərtlərini, tərəflərin hüquqları və tərəflərin öhdəlikləri, bu cür daşımalarda dövlət tənzimlənməsinin əsas prinsipləri və dövlət dəstəyi tənzimlənir.