Ekspertlər: “Süveyş qəzası Trans-Xəzər marşrutunu aktuallaşdırır”

39

Ötən ay Aralıq və Qırmızı dənizləri bir-birinə bağlayan Süveyş kanalındakı dayaz bir yerdə konteyner gəmisinin ilişib qalması kanalda böyük tıxac yaratdı və qbobal iqtisadiyyatına ciddi ziyan vurdu. Təqribi hesablamalara görə, kanalın bir həftəlik bağlanması dünya iqtisadiyyatı üçün əlavə 10 milyard ABŞ dollar xərc yaradıb.

Süveyş qəzası iqtisadiyyatın, demək olar ki, bütün sahələrinə, o cümlədən enerji sektoruna təsir edib. Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) nəqlində çətinlik yaranıb, dünya bazarında neftin bahalaşması ilə nəticələnib. Qəza günü qiymət artımı 5%-ə yaxın olub. Mövcud vəziyyət Azərbaycanın iştirakı ilə reallaşdırılan, Çindən başlayan, Orta Asiya ölkələri, Xəzər-Qara dəniz hövzələri, Avropa ölkələri arasında yük dövriyyəsini artırmaq məqsədi daşıyan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu aktuallaşdırır. “Report” bununla bağlı mütəxəssislərin fikirlərini öyrənib.

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyir ki, Süveyş qəzası həqiqətən də Trans-Xəzər layihəsinin aktuallaşması üçün imkanlar yaradır.

Rüfət Bayramov: “Mövcud vəziyyət Trans-Xəzər dəhlizi üçün də yeni bir şansdır”

“Bütün dünya iqtisadiyyatındakı yükdaşımaların 12%-i Süveyş kanalı vasitəsilə həyata keçirilirdi. Əsas da Çinlə Avropa arasında yükdaşımaların demək olar ki, 93%-i Süveyş kanalı ilə daşınır. Süveyş kanalında yaşanan vəziyyət mövcud olan digər dəhlizləri diversifikasiya etmək məsələsinin lazımlılığını aktuallaşdırır. Mövcud vəziyyət Trans-Xəzər dəhlizi üçün də yeni bir şansdır. Belə olduqda Azərbaycan üzərində daha çox yükdaşımaların həyata keçirilməsi üçün yaxşı imkanlar yaranır. Pandemiya dövründə ortaya çıxan digər məsələ dəniz daşımalarının qiymətlərinin bir neçə dəfə artması idi. Bu da bizim üçün yeni imkanlar yaradır ki, öz dəhlizimizi aktuallaşdıraq və daha çox konteyner yükü cəlb edək. Hazırda Traseca çərçivəsində də 2030-cu ilə qədər konteyner yükdaşımalarının artırılması barədə strategiya hazırlayırıq”, – deyə o, qeyd edib.

İqtisadçı ekspert Rəşad Həsənov da bildirib ki, Süveyş kanalında yaşananlar dolayısı ilə Trans-Xəzər marşrutunun aktuallığına təsir göstərir.

“Qeyd olunan hadisə müəyəyn qədər Avropa ölkələrinin də Trans-Xəzər marşrutunun reallaşmasında və onun maliyyələşməsində birbaşa və daha çevik iştirakçılığına müsbət təsir göstərə bilər”

Rəşad Həsənov

İqtisadçı-ekspert

“Trans-Xəzər marşrutu bir qədər fərqli regionlara hədəflənsə də, bu kimi situasiyalar daşıma istiqamətlərinin şaxələndirilməsi məsələsini gündəmə gətirir. Məsələyə bu aspektdən yanaşsaq Trans-Xəzər dəhlizinin aktuallığı arta bilər. Trans-Xəzər layihəsi uzun illərdir müzakirə olunan məsələdir. Süveyş kanalında yaşanan hadisə bu dəhlizin aktuallığı məsələsinə dolayısı yolla təsir göstərsə də, bazarlar və hədəflənən istiqamətlər fərqli olduğundan burda birbaşa təsirdən danışmaq doğru olmaz. Amma dolayısı yolla həmin problem, xüsusən də Avropa bazarları üçün Trans-Xəzər məsələsini aktuallaşdırır. Avropa bazarlarında son dövrlərdə enerji təchizatı baxımından müəyyən qədər şaxələndirmə istiqamətində addımlar atılır. Bu, onların enerji siyasətinin prioritet istiqamətidir. Süveyş kanalındakı hadisə də birbaşa olaraq Avropa bazarlarına daşımalarda, əsasən də enerji məhsullarının daşınmasında problemlər ortaya çıxardı. Bu baxımdan düşünürəm ki, qeyd olunan hadisə müəyyən qədər Avropa ölkələrinin də Trans-Xəzər marşrutunun reallaşmasında və onun maliyyələşməsində birbaşa və daha çevik iştirakçılığına müsbət təsir göstərə bilər”.

İqtsadçı ekspert Pərviz Heydərov isə Trans-Xəzər layihəsinin Avropa ölkələri üçün əhəmiyyətinə toxunub:

“Trans-Xəzər marşrutu reallaşsa və Orta Asiya ölkələrinin qaz ehtiyyatlarının Avropaya çıxarılması baş tutsa, bu dünya bazarlarında, eyni zamanda Avropanın özündə enerji daşıyıcılarının təchizatı və təmini sahəsində çox mühüm bir şaxələnmə hesab olunacaq”

Pərviz Heydərov

İqtisadçı ekspert

“Avropa Orta Asiya ölkələrinin təbii resurslarının alternativ yolla, yəni Rusiyadan kənar keçməklə dünya bazarlarına daşınmasına, heç olmasa Aralıq dənizinə çıxarılmasına nail olunmasında maraqlıdır. Bu sahədə Avropa ölkələrinin birbaşa olaraq hansısa addım atması reallıqdan çox uzaq idi. Azərbaycanın tutduğu mövqe və Azərbaycanın bu sahədə əlverişli coğrafi imkanlarından istifadə etməklə strateji baxımdan tranzitçi ölkə kimi çıxış etmək siyasəti Avropa dövlətlərinin həmin istəklərinə tamamilə cavab verir. Bakı-Tiblisi-Ceyhan əsas ixrac boru kəməri ilə Orta Asiya ölkələrindən artıq xeyli müddət bundan əvvəldən başlayaraq neft daşınır. Bunun özü bir alternativ variantdır. Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə Avropanın ən böyük problemi olan mavi yanacaqla əlaqədar təchizatda Rusiyadan asılılığın müqabilində bir alternativ ortaya çıxır. Əlavə olaraq yaxın gələcəkdə Trans-Xəzər marşrutu da reallaşsa və Orta Asiya ölkələrinin qaz ehtiyyatlarının Avropaya çıxarılması baş tutsa, bu dünya bazarlarında, eyni zamanda Avropanın özündə enerji daşıyıcılarının təchizatı və təmini sahəsində çox mühüm bir şaxələnmə hesab olunacaq”.

Ekspert qeyd edib ki, Avropa ölkələrinin özü də bu layihənin həyata keçirilməsində maraqlıdır: “Elə Cənub Qaz Dəhlizinin ideyası ortaya atılanda Bakı-Tiblisi-Ceyhan layihəsində olduğu kimi Azərbaycanın strateji məqsədi ondan ibarət idi ki, bu layihə gerçəkləşdikdən sonra Trans-Xəzər məsələsi gündəliyə çıxarılsın və gerçəkləşdirilsin. Bu, məsələnin reallaşması qaçılmaz xarakter daşıyır. Nəticədə Süveyş kanalında baş verən qəza nəticəsində dünya bazarlarında stabilliyin pozulması, qiymətlərdə kəskin rəqslərin meydana çıxması kimi hallar azalacaq və belə fors-major hallar dünyada qlobal iqtisadiyyatın enerji təchizatına ciddi problem törətməyəcək. Düşünürəm ki, Bakı-Tiblisi-Ceyhan layihəsində olduğu kimi Avropa Trans-Xəzər layihəsinə də yanaşmada laqeydlik göstərməməlidir və göstərmir də. Avropa özü də bunun gerçəkləşməsində maraqlı olduğunu açıq şəkildə deyir. Bu baxımdan Trans-Xəzər layihəsi Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə bu vaxta qədər verdiyi töhvələrin kuliminasiya nöqtəsi olacaq və bu layihənin gerçəkləşməsi enerji daşıyıcılarının təchizatı, enerji ixracı və idxalı məsələlərində inhisarçılıq amillərini xeyli zəiflədəcək”.