TRACECA yükdaşımaları kontaktsız daşımalara keçirməyi təklif edir – EKSKLÜZİV

41

“Hazırda TRACECA (Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizi) ölkələri arasında 2030-cu ilə qədər konteyner yük daşımalarının artırılması məqsədilə strategiya hazırlayırıq”.

Bunu “Report”a açıqlamasında TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib.

O bildirib ki, yaxın gələcəkdə Azərbaycan üzərindən yükdaşıma həyata keçirən konteynerlərin sayında artım olacaq:

“Həmin strategiyaya əsasən 2020-ci ildən 2030-cu ilə qədər Avropa və Asiya ölkələri arasında ticarət dövriyyəsini analiz edib, proqnoz hazırlayacağıq və bu proqnoz əsasında bizim dəhlizdən təxmini nə qədər yük keçəcəyini biləcəyik. Keçən il bizim limandan (Bakı Limanı) 40 min konteyner keçmişdi. Bu bizim tarix ərzində nail olduğumuzun maksimum göstərici idi. Proqnozlara görə 2030-cu ilə qədər bizim dəhlizə təxminən 500-700 min konteyner cəlb edə bilərik. Burda infrastruktur məsələləri var ki, onları həll eləmək lazımdır”.

R.Bayramov rəqəmsal texnologiyaların cəlb edilməsi istiqamətində işlər apardıqlarını qeyd edib:

“Biz hədəf kimi öz üzərimizə tezliklə rəqəmsallaşdırmanı həyata keçirməyi götürmüşük. Çünki bizim dəniz yolundan başqa rəqabətdə olduğumuz yerüstü marşrutlar da var. Misal olaraq Rusiya üzərindən keçən Trans-Sibir marşrutunu göstərə bilərik. Biz həmin dəhlizə alternativ marşrut olaraq inkişaf etdirmək üçün gərək rəqəmsal tətbiqləri həyata keçirək və rəqəmsal texnologiyaları dəhlizimizə cəlb edək. İndi bunun üzərində kifayət qədər işlər görülür”.

Müsahibimizin sözlərinə görə, hazırda TRACECA-ya daxil olan bütün ölkələrdəki normalara adekvat bir hüquqi sənədin hazırlanması prosesi gedir:

“Yaxın zamanda daha yaxşı nəaliyyətlərə gəlib çatacağıq”

Rüfət Bayramov

TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi

“Vahid tranzit sazişi üzrə TRACECA ölkələri arasında yekun sənədin hazırlanması üzərində işlər gedir. Bizim marşrut həm Orta Asiya, həm Qafqaz, həm də Avropa ölkələrini əhatə edir. Bu ölkələrin hər biri fərqli sistemlərlə fəaliyyət göstərir. Yəni ölkələrdə mövcud olan normativ hüquqi baza fərqlidir. Tutaq ki, dəmir yollarında bizdə Çin sistemidirsə, Türkiyədə MDB sistemidir və ya əksinə. Avtomobil daşımalarında da fərqli sistemlər tətbiq olunur. Bizim məqsədimiz bütün sistemlərə uyğun gələn normal hüquqi sənəd ortaya qoymaqdır. Bunun üçün elektron sistem olmalıdır. Bu sistemlə yükü göndərən, alan və daşıyanın hər biri bir dəfə məlumatı sistemə daxil edəcək və bu sistem üzərindən vaxt itirmədən həm liman əməliyyatlarını görmək, həm də yükdaşımanı həyata keçirmək mümkün olacaq. Kağız halında olan sənədlərin rəsmiləşdirilməsi və digər məsələlər bir qədər vaxt aparır. Bu da cəlbediciliyi nisbətən aşağı sala bilər. Ona görə də bu istiqamətlərdə işlər görürük. İnanırıq ki, yaxın zamanda daha yaxşı naliyyətlərə gəlib çatacağıq”.

R.Bayramov pandemiya dövründə yükdaşımalarda yaranan çətinliklərdən də danışıb:

“Pandemiya ilə əlaqədar yükdaşımalarda ləngimələr olur. Lakin bu TRACECA-nın fəaliyyətindən asılı olan məsələ deyil. Buna səbəb odur ki, fərqli ölkələrdə fərqli qaydalar tətbiq olunub. Azərbaycanda pandemiya dövründə ləngimələr olmayaıb. Biz ümumiyyətlə tranziti bir gün də saxlamamışıq. Avtomobil daşımalarından danışsaq, deyə bilərik ki, avtomobillər sərhəddə yoxlanılırdı, sürücülərin səhhəti müayinə edilir, maşınlar dezinfeksiyalardan keçir, sonra da polisin müşahidəsi altında sərhədə yollanırdı. Məsələn, Türkmənistanda isə avtomobillər ləngidilirdi. Bizim də tövsiyəmiz o idi ki, çalışaq yükdaşımaları kontaktsız daşımalara keçirdək”.

Xatırladaq ki, 2021-ci ilin yanvar ayında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 3 mln 277,3 min ton, yük dövriyyәsi isә 770,7 mln ton/km olub.

Bu, 2020-ci ilin eyni ayı ilə müqayisədə 1 mln 017,4 min ton və yaxud 23,4 %azdır.

Son 1 ildə yük dövriyyəsi isə 144,9 mln ton-km və yaxud 15,82 %azalıb.

Hesabat dövründə yüklərin 1 mln 835 min tonu və yaxud 56 %-i avtomobil nəqliyyatı, 1 mln 106,3 min tonu və ya 33,8 %-i dəmir yolu nəqliyyatı, 336 min tonu və yaxud 10,2 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 21,7 %-ni və yaxud 709,9 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 54 min ton və yaxud 7,07 %çoxdur.