Dənizdə külək enerjisindən istifadənin inkişafı planları müzakirə edilib

48

Azərbaycanda dənizdə külək enerjisindən istifadənin inkişafı çərçivəsində Energetika Nazirliyi, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və beynəlxalq məsləhətçi şirkətin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, dənizdə külək enerjisi potensialından istifadəni zəruri edən amillərdən və bu istiqamətdə BMK ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edən nazir Pərviz Şahbazov bildirib ki, dövlət başçısı tərəfindən “yaşıl enerji” konsepsiyasının hazırlanması mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilib. “Ölkənin sosial-iqtisadi inkişaf prioritetlərindən biri olan “yaşıl artıma” nail olunması, eləcə də 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması dənizin külək imkanlarının enerjiyə çevrilməsi istiqamətində də fəaliyyəti aktuallaşdırır. BMK ilə dənizdə külək enerjisi potensialının müəyyənləşdirilməsi və Yol Xəritəsinin hazırlanması üzrə əməkdaşlığımız yaşıl enerji ilə bağlı hədəflərimizə töhfə verəcəkdir.”

Dünya Bankının ölkə üzrə meneceri Sarah Michael isə bildirib ki, Dünya Bankı BMK ilə birlikdə dənizdə külək enerjisinin inkişafına, bu sahəyə investorların cəlbinə, Azərbaycanın dekarbonizasiya ilə bağlı məqsədlərinə dəstək verməyə hazırdır.

Sonra IFC və məsləhətçi şirkət tərəfindən hazırlanmış dənizdə külək enerjisi layihəsinin inkişaf ssenarilərinin təqdimatı nəzərdən keçirilib. Müxtəlif ssenarilər üzrə layihələrin gözlənilən iqtisadi, maliyyə, ekoloji və sosial göstəriciləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, dünyada dənizdəki külək enerjisinə maraq artmaqdadır. Bu da külək turbinlərinin quraşdırılması ilə istehsal olunan elektrik enerjisinə çəkilən xərclərin getdikcə azalması ilə izah edilir.

“Energetika Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun yaxın vaxtlarda imzalanması planlaşdırılır. Anlaşma Memorandumu ilə nəzərdə tutulan işlər BMK-nın “Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çərçivəsində yerinə yetiriləcək. Bu proqram Dünya Bankı Qrupunun “Enerji Sektorunun İdarəedilməsində Yardım Proqramı” – ESMAP çərçivəsində maliyyələşdirilir.