Qazaxıstan və Azərbaycan Dəniz akademiyaları arasında görüş keçirilib

48

Qazaxıstanın Aktaudakı Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin nəzdində fəaliyyət göstərən Dəniz Akademiyası ilə Azərbaycan Dövlət Dəniz Akademiyası arasında videoformatda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Aktaudakı Baş konsulluğunun başçısı vəzifəsini icra edən Elmar Məmmədov, Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetov, Dəniz Akademiyasının direktoru Bolat Sarsenbayev, Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris və tərbiyə işləri üzrə prorektoru Zahid Şərifov, eləcə də elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Vüqar Sadıqov iştirak ediblər.

Görüşdə Qazaxıstan və Azərbaycan arasında iqtisadi, siyasi, elm və təhsil əlaqələrinin inkişafının vacibliyi və bu münasibətlərin inkişafı üçün bütün vasitələrdən istifadə edilməsi vurğulanıb.

Ölkələr arasında təhsil proqramlarının artırılması və gənc nəslin təhsili üçün şərait yaradılması, lazımi tədbirlərin görülməsi istiqamətində müvafiq addımların daim atıldığı və bu işin davam etdiriləcəyi qeyd olunub.

Görüşdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsil və gənclərlə bağlı siyasəti və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən Azərbaycanda təhsil, idman, mədəniyyət və digər sahələrdə yaradılmış şərait haqqında məlumat verilib.

Tərəflər akademiyalar arasında əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələr aparıblar.