ADDA-da yaz imtahan sessiyası keçiriləcək

53

Azərbaycan Dövlət Dəniz Akademiyasında 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili haqqında açıqlama verilib.

Belə ki, koronavirus pandemiyası nəzərə alınaraq yaz imtahan sessiyası bu dəfə də onlayn keçiriləcək. İmtahanlar müəllim və tələbə arasında şifahi sual-cavab formasında (interaktiv formatda) baş tutacaq.

Hər imtahan bileti  5 sualdan ibarət olacaq. Yalnız semestr boyu keçilən mövzuları əhatə edən biletin suallarını cavablandıran tələbə hər cavabdan 10 bal olmaqla imtahandan maksimum 50 bal toplaya bilər. İmtahanqabağı balların da ən yüksək həddi 50 bal olduğundan, tələbənin hər fənn üzrə bilikləri maksimum 100 balla qiymətləndiriləcək.

ADDA-nın təkrar ali təhsil (qiyabi) və magistratura (qiyabi) təhsil formasında oxuyan tələbələrin imtahan sessiyasının may ayında keçirilməsi nəzərdə tutulub.

Əyani formada təhsil alan bakalavr və magistrantlar üçün isə imtahan sessiyası iyun ayına planlaşdırılır.

İmtahanlar haqqında ətraflı məlumatlar mütəmadi olaraq veriləcək.    

ADDA-nın rəhbərliyi və professor-müəllim heyəti bütün tələbələrə imtahanda uğurlar arzulayır.