Müstəqillik illərində Azərbaycanın qeyri-neft ixracında ən böyük artım – bu ilin birinci rübü…

67

Fuad İbrahimov: “Bir sıra dünya ölkələrində ticarət evlərinin açılmasına dair razılıqlar əldə edildi”

Pandemiyanın təsirlərinə rəğmən, bu ilin birinci rübündə qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 16,4 faiz artaraq 501,6 milyon dollar təşkil edib. Burada diqqətçəkən məqam odur ki, sözügedən artım, bütövlükdə, müstəqillik illərində ən böyük həcmdə rüblük qeyri-neft ixracatıdır. Yəni indiyə qədər ölkə tarixində qeyri-neft ixracında belə artım olmayıb.

İlkin rəqəmlərə görə, Azərbaycanın qeyri-neft ixracatında Türkiyənin payı artıb. Bu ilin ilk ayında da 36.1 faiz payla Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkə Türkiyə olub. Bu isə ondan xəbər verir ki, Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var və bu da ümumi ixracatımızı artırıb. Qeyd edək ki, bu ilin mart ayından etibarən Azərbaycanla Türkiyə arasında 15 əsas mal qrupu üzrə preferensial (seçim) ticarət rejimi qüvvəyə mindi. Bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir. Başqa bir tərəfdən, qeyri-neft ixracatının strukturunda dəyişikliklər müşahidə edilir. Kənd təsərrüfatı məhsullarının qeyri-neft ixracatımızda payının çox olmasına baxmayaraq, birinci rübdə emaledici məhsulların xaricə satışı artıb.

Maraqlıdır, Azərbaycanın qeyri-neft ixracında qeydə alınan belə yüksək artım nədən irəli gəlir?

  • Azərbaycan məhsullarının birbaşa bazara çıxarılmasına şərait yarandı”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov qeyri-neft ixracında qeydə alınan belə yüksək artımı bir sıra amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, 2014-cü ilin ortalarından başlayaraq dünya bazarında neftin qiyməti ucuzlaşmağa başladı. Bunun nəticəsində 2015-ci ildə Azərbaycanda ardıcıl 2 devalvasiya baş verdi. Nəticədə müəyyən iqtisadi çətinliklərlə üzləşdik. Ondan sonra Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında iqtisadiyyatın inkişafına dair “Yol xəritəsi” hazırlandı. Nəticədə postneft erasına qədəm qoyuldu. İqtisadiyyatın diversifikasiyası olaraq qeyri-neft sektorunun dirçəldilməsi istiqamətində kifayət qədər addım atıldı. Sözügedən tədbirlər çərçivəsində müvafiq qurumlar öz işlələrini mükəmməl şəkildə qurdular. Məsələ ondadır ki, ixracı stimullaşdırmaq üçün müxtəlif ölkələrlə ikitərəfli danışıqlar aparıldı. Bunun üçün siyasi danışıqlarda uğur olmalı idi ki, proseslər iqtisadi sferanı da əhatə edə bilsin. Bu nöqteyi-nəzərdən bir sıra uğurlar əldə edildi. Bir sıra dünya ölkələrində ticarət evlərinin açılmasına dair razılıqlar əldə edildi. Bunun sayəsində Azərbaycanda istehsal olunan məhsulların fasiləsiz ticarət evlərində sərgilənməsi təşkil edildi. Nəticədə Azərbaycan məhsullarının birbaşa bazara çıxarılmasına şərait yarandı. Bütün bu görülən işlərin nəticəsidir ki, Azərbaycanın qeyri-neft ixracı belə böyük həcmdə artıb. Biz ölkədə çoxsaylı zavod-fabrik açıb məhsul istehsal edə bilərik. Əsas məsələ odur ki, bu məhsulları tanıda biləsən. İstehsal etdiyin məhsulun bazarı olsun. Ona görə də qeyri-neft məhsullarının istehsalı və onun ixracının təmin edilməsi ilə bağlı işlər bir-birini tamamladı. Biz bu prosesi qura bildik. Hesab edirəm ki, bu tamlıq olmasaydı, o zaman biz bu göstəriciləri əldə edə bilməzdik. Ona görə də Azərbaycanın qeyri-neft ixracı davamlı şəkildə artır. Nəticədə müstəqillik əldə edəndən bəri ixracda belə yüksək nəticəyə nail ola bildik. Fikrimcə, biz növbəti illərdə qeyri-neft ixracında daha böyük nəticə əldə edəcəyik. Pandemiya səngisə, ixrac daha da yüksələcək”.

İqtisadçı-ekspert onu da qeyd etdi ki, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi vacibdir.

Vidadi OEDAHALLI