Azərbaycanda rəqabətsiz keçirilən dövlət tenderləri narahatlıq doğuracaq həddə çoxalır…

59

Fuad İbrahimov: “Maliyyə Nazirliyi, Vergilər Xidməti, Hesablama Palatası illik cari yoxlamalar nəticəsində belə faktları üzə çıxarmalıdırlar”

Dövlət qurumlarında aparılan araşdırmalarda vəsaitlərin təyinatı üzrə işlədilməməsi və ya xərclərin şişirdilməsi hallarına rast gəlinir. Narahatlıq doğuran başlıca məqamlardan biri də ondan ibarətdir ki, əksər halda dövlət qurumlarının keçirdiyi tenderlərin rəqabətsiz olması müşahidə olunur.

Bunu rəsmi qurumlar da etiraf edirlər. Belə ki, Hesablamalar Palatasının rəyinə əsasən, tenderlərin cəmi 25 faizi rəqabətli olub. Bu o deməkdir ki, keçirilən tenderlərin hər 4-dən 3-ü rəqabətsiz tenderlərdir. Eyni zamanda, bəzi dövlət qurumlarında tenderlərin qalibi eyni şirkətlər olurlar. Bütün bunlar nəticə etibarilə vəsaitlərin qeyri-səmərəsiz işləməsinə şərait yaradır. Ona görə də bütün bunlar narahatlıq doğurur. Bu səbəbdən dövlət vəsaitinin səmərəli istifadəsi üçün dövlət satınalmalarında və tenderlərin keçirilməsində rəqabətin gücləndirilməsinə ehtiyac var. Satınalmalarla bağlı qanun yenidən işlənilməli və rəqabətli tenderlər həyata keçirilməlidir. Eyni zamanda, elektron tender və dövlət satınalmalarının icbari xarakter alması vacibdir. Çünki bir mənbədən satınalma və rəqabətsiz tenderlər bir sıra dövlət qurumlarında vəsaitin səmərəli xərclənməməsinə gətirib çıxarır.

Bütün bunlarla yanaşı, bəs ekspertlər vəziyyətdən çıxış yolunu nədə görürlər?

  • “Belə aydın olur ki, sözügedən qurumlar da öz vəzifə borclarını yerinə yetirə bilmirlər”

Sözügedən məsələ barədə fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı-ekspert Fuad İbrahimov vəziyyətdən çıxış yolu ilə bağlı bir sıra məqamlara toxundu: “Bu məsələ, ümumiyyətlə, ölkə rəhbərliyinin nəzarətində və gündəmdə olan problemlərdən biridir. Bu sahə üzrə bir çox dövlət şirkətinin illər boyu yaratdığı problem nəticəsində belə vəziyyət yaranıb. Baxmayaraq ki, fəaliyyət növü üzrə gəlir götürürlər, eyni zamanda, büdcəyə yük olurlar. Elə xüsusi sahələr var ki, orada tenderlərin keçirilməsi qapalı olmalıdır. Çünki həmin sahələr dövlət sirrini özündə ehtiva edir. Ancaq digər hallarda istənilən tədbirlərin “Tender haqqında” Qanunun tələblərinə uyğun keçirilməsi məqsədəuyğundur. Çox təəssüflər olsun ki, bu belə olmur və keçirilən tenderlər formal xarakterli olur. Bunun nəticəsidir ki, keçirilən tenderlərin hər 4-də 3-ü rəqabətsiz şəraitdə baş verir. Bunun qarşısını almaq üçün dövlət nəzarət orqanları müvafiq işlər görməlidirlər. Maliyyə Nazirliyi, Vergilər Xidməti, Hesablama Palatası illik cari yoxlamalar nəticəsində belə faktları üzə çıxarmalıdırlar. Növbəti ildə belə hallar təkrarlanmamalıdır. Belə aydın olur ki, sözügedən qurumlar da öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Çünki illərlə belə hallar təkrarlana bilməz. Audit yoxlama nəticəsində bu faktların cinayət tərkibli olub-olmaması da müəyyənləşdirilməlidir. Ancaq bu kimi vasitələrlə problemi həll etmək olar. Çünki tenderlərin keçirilməsi ilə bağlı cəza olmasa, belə neqativ hallar davam edəcək. Sövdələşmə yolu ilə dövlət qurumları tender keçirəcəklər. Ona görə də bu sahədə cəza mexanizmi hərəkətə gətirilməlidir”.

İqtisadçı-ekspert onu da qeyd etdi ki, normal tender keçirən dövlət qurumları var, amma onların sayı azdır.

Vidadi ORDAHALLI