Daha böyük müharibə başlaya bilər? – ÖZƏL AÇIQLAMA

84

“Şərqi Aralıq dənizi çox kritik bir bölgədir, eyni zamanda geosiyasi mənada da çox önəmlidir. Və bunu da qeyd etmək lazımdır ki, o bölgədə ciddi bir enerji ehtiyatı mövcuddur”.

Bunu Milli.Az-a açıqlamasında Orta Şərq, Avrasiya və Asiya-Sakit Okean Platforması rəhbəri Ali Semin deyib.

Türkiyəli politoloq bildirib ki, Türkiyə ilə Yunanıstan arasındakı siyasi böhran çox davam edəcək:

“Yunanıstan XİN rəhbərinin Türkiyə ziyarəti zamanı əslində Türkiyə onsuz da danışıqlardan çox böyük nəticə gözləmirdi. Sadəcə masa ətrafında oturulub, danışılıb, mətbuat konfransı təşkil edilib və bu şəkildə Türkiyənin diplomatik müddətin başladılmasını istəmişdi. Yunanıstan bu diplomatik münasibətə cavab verəcəyi şəkildə davrandı, amma səmimi olmadığı ortaya çıxdı. Həmin mətbuat konfransını mən də izlədim. Həqiqətən diplomatik təmaslara və hələ masa arxasında danışılan hər mövzunu normalda kənarda və ya ortaq mətbuat konfranslarında dilə gətirilməməsi lazım idi. Amma Yunanıstan xarici işlər naziri göründüyü kimi bunu özündə saxlaya bilmədiyi üçün Türkiyənin qonağı olduğu halda bu ölkəyə qarşı bir xoşagəlməz münasibət ortaya qoymaq istədi.

Bu da təkcə Türkiyə Yunanıstan baxımından deyil, əslində Yunanıstan bununla Avropa Birliyi ölkələrinə, Fransaya və digər ölkələrə bir mesaj vermək istədi. Yəni “Baxın, mən bura gəldim, istədiyimi Türkiyəyə deyə bilirəm. Türkiyəyə qarşı dura biləcək gücüm var, siz də dəstək verin” deyə Avropa, qərb ölkələrinə, Fransaya, ABŞ-a, Rusiyaya qədər, hətta bölgə ölkələri olan Kipr rəhbərliyinə, hətta İsrailə də mesaj verdiyini düşünürəm. Onun üçün də əslində buradakı görüşlərə baxıldığında Türkiyənin tədqiqat xarakterli bir mərhələyə başladığı və bu müddətlə bağlı təbii ki, ilk dialoq Yunanıstan XİN rəhbəri ilə edilmiş olsa da, Türkiyə bundan bir nəticə gözləmirdi. Bu nəticənin tam əksi, siyasi böhranı daha da yuxarı daşıyacaq bir nəticə ortaya çıxdı. Bu mərhələdə Türkiyə ilə Yunanıstan arasında siyasi böhran artacaq, amma fikrimcə çox ciddi bir münaqişə baş verməyəcək. Çünki Yunanıstanın həm hərbi qüdrəti, həm də nə qədər Türkiyəyə qarşı olsa da iqtisadi baxımdan Yunanıstan çox ciddi bir böhran yaşayır. Bunu da unutmamaq lazımdır ki, iki ölkə də NATO üzvüdür. Və iki NATO üzvünün qarşı-qarşıya gəlməsi NATO-nun 5-ci maddəsinə qarşı çıxmaqdır. Yəni “Birimizə bir hücum olarsa, hamımız bu hücum bizə edildi deyə qəbul edərik” 5-ci maddəsin belə deyilir. Onun üçün fikrimcə bu, çox böyük bir münaqişəyə səbəb olmayacaq, amma bu siyasi böhran çox davam edəcək, hətta daha qalmaqallı hadisələrə şahid ola bilərik:

Şərqi Aralıq dənizində fərqli ölkələrlə hərbi təlimlər, Yunanıstanla Fransa kimi, Yunanıstanla İsrail, ya da Yunanıstanla başqa ölkələr kimi hərbi təlimlər gerçəkləşə bilər. Məncə tərəflər arasında münaqişə yox, böhran, gərginlik artacaq. Amma bu hadisələrə görə, iki ölkənin bir-birinə qarşı müharibəyə başlayacağını düşünmürəm. Belə bir ssenari çox doğru da olmaz deyə düşünürəm. Çünki Şərqi Aralıq dənizini tamamilə, ya da Türkiyə Yunanıstan arasındakı yaşanan mübahisənin də hər hansı bir mümkün münaqişə ilə nəticələnməsi bölgə üçün də riskli ola bilər. Əvvəllər də belə siyasi böhranlar baş verib. Amma nəticədə müharibə, silahlı insident baş verməyib. Tarixə nəzər yetirdiyimiz zaman da indi Türkiyə Yunanıstan müharibəsinin mümkün olmadığını deyə bilərəm. Amma tərəflər arasında münasibətlər o qədər gərginləşəcək ki, hətta bir-birlərinə qarşı zaman-zaman Şərqi Aralıq dənizində gəmilərdən bir-birlərinə atəşlər açıla bilər, lakin bu müharibəyə səbəb olmaz. Ona görə müharibəyə səbəb olmaz ki, hər ikisi NATO üzvüdür və bu məqamda NATO da, Avropa Birliyi də müdaxilə edə bilər.

Əslində qeyd etmək istərdim ki, bu gün baş verən siyasi böhranda Yunanıstan Türkiyə ilə masada tək olmaq istəmir. Yəni Yunanstanın Türkiyə ilə iki ölkə olaraq eyni masa ətrafında oturmaq istəmədiyi qənaətindəyəm. Çünki Yunanıstan XİN rəhbəri Türkiyəyə gəlməmişdən öncə Mövlud Çavuşoğlunun iki önəmli açıqlaması var. Birincisi, o, ABŞ-a dedi ki, balans siyasəti yürüdün, tərəfsiz olun. Yəni Türkiyə tərəfi Şərqi Aralıq dənizi problemində tərəfsiz olmağını istədi. Çavuşoğlunun ikinci mesajı da bu idi: Üçüncü bir ölkənin Türkiyə ilə Yunanıstan arasındakı siyasi böhrana müdaxilə etməyini istəmirik. 

Bu səbəbdən də belə siyasi böhranın ortaya çıxması və Yunanıstan XİN rəhbərinin Türkiyəyə qarşı etdiyi saymazyana açıqlamaları Yunanıstanın üçüncü bir ölkənin masaya oturmasını istədiyindəndir. Yoxsa, Türkiyə ilə hansısa bir sahədə əlaqələrdə bir problem yaşamadılar. Türkiyə hər zaman Yunanıstana dialoq qapısını açıb. Bu, Şərqi Aralıq dənizi ölkələri üçün də oradakı balansı qorumaq baxımından önəmldir.

Yunanıstan hər zaman Türkiyəyə qarşı gərgin münasibəti ilə NATO-nun 5-ci maddəsini çeynəmiş olur. Yunanıstan üçüncü tərəfləri Türkiyə ilə yaşadığı gərginliyə daxil etməyə çalışacaq. Bu ssenari çox işləyə bilər. Hətta Şərqi Aralıq dənizinə yeni güclərin də girməsini müşahidə edə bilərik. Biz sadəcə Fransa, ABŞ, İsraili düşünürük, amma Yunanıstan bunun içinə Çini, Rusiyanı da qata bilər. Rusiya o bölgədə də aktivliyi ilə seçilir. Gün kimi aydındır ki, Yunanıstan üçün tərəf olmadan Türkiyə ilə bir masa arxasında oturmaq istəmir. Türkiyənin üçüncü tərəfi rədd etməsi, Yunanıstanın isə üçüncü tərəfin iştirakını istəməsi bu siyasi böhranı bitirməyəcək.

Yunanıstanın da işinə yarayan məsələ böhranı daha da böyütmək və Şərqi Aralıq dənizindəki balansı sürətli olaraq öz lehinə çevirmək üçün bir addım atmaqdır. Buna görə də, Yunanıstan üçüncü tərəfi məsələyə daxil etməyə çalışacaq. Türkiyə də ilk olaraq buna qarşı çıxacaq, sonra da dialoq üçün birlikdə bir həll üsulu üzərində işlər görülə bilər deyə düşünürəm. Ən yaxşı ssenari isə üçüncü tərəfin bu böhrana müdaxilə etməsidir. Bu da ABŞ, Avropa Birliyi və NATO-dan biri ola bilər. Mən bu üçündən birini gözləyirəm, başqa bir ölkə düşünmürəm. Ya da Almaniya balansı qorusun deyə zaman-zaman Yunanıstana, ya da Şərqi Aralıq dənizindəki siyasi böhrana görə balanslı davranır. Ona görə də, bu ölkə Almaniya da ola bilər”.

Təhməz Əsədov
Milli.Az