“Vitol”: Neft bazarının bərpası çox sürətlə baş verəcək

290

Dünyanın ən böyük müstəqil xammal treyderi olan “Vitol Group”un rəhbəri dünyanın pandemiyadan çıxmasından sonra xam neftə olan tələbin bu il və növbəti ildə artacağını gözləyir.

“Report” xəbər verir ki, bu barədə “Vitol”ın baş direktoru Rassell Hardi “Bloomberg”ə müsahibəsində söyləyib.

“2022-ci ilin sonuna qədər neftə olan tələb gündəlik 7-8 milyon barel artacaq. Güman ki, istehsalçılar bu artımın öhdəsindən gəlmək üçün hasilatı artırmaq məcburiyyətində qalacaqlar”, – R.Hardi bildirib.

“2022-ci ilin öhdəsindən gəlmək üçün səkkiz silindrə ehtiyacımız olacaq. Bir barelin dəyərinin 70-75 dollar arasında olmasını üçüncü rüb üçün olduqca ağlabatan nəticə hesab edirik”, – CEO vurğulayıb.

2020-ci ildə “Vitol” gündəlik 7 milyon bareldən çox xam neft və neft məhsulu emal edib və bu, qrupa qlobal çatdırılma və tələb ilə bağlı tərəddüdlər barədə aydın görüntü verir.

R.Hardinin sözlərinə görə, qlobal neft tələbatı COVID-ə qədər olan dövrün səviyyəsindən az olaraq – gündəlik təxminən 3,5 milyon barel səviyyəsində qalır. Bununla belə, COVID-19 əleyhinə peyvəndin yayılması davam etdiyindən, hərəkətlər üçün məhdudiyyətlər aradan götürüldüyündən, istirahət və işgüzar səfərlər bərpa olunduğundan bu ilin sonuna qədər istehlak artmalıdır.

Keçən il neft treyderləri əldə etdikləri ucuz nefti qurudakı saxlanclarda və sahib olduqları və ya icarəyə götürdükləri tankerlərdə saxlamaqla və fyuçers müqavilələrini daha yüksək qiymətlərə satmaqla böyük uğurlar qazanıb. Məlumatlı mənbələrin bildirdiyinə görə, “Vitol” 2020-ci ildə 3 milyard dollar gəlir əldə edib və bu qrupun tarixindəki ən yaxşı maliyyə nəticəsidir. “Vital”ın özü maliyyə nəticələrini açıqlamır.

“2020-ci ildə bazarın çökməsi nəticəsində yığılan 1 milyard bareldən artıq neft ehtiyatının yarısından çoxu artıq tükənib. Onların istifadəsi bu ilin üçüncü rübünün sonuna qədər böyük ölçüdə başa çatdırılmalıdır. Hazırda neft artıqlığı gündəlik 2 milyon barel səviyyəsində azalır və bu temp iyun, iyul və avqust aylarında da qorunacaq”, – R.Hardi əminliklə söyləyib.

Bu il beynəlxalq neft etalonu olan “Brent” təqribən 30 % bahalaşıb, çünki investorlar ölkələrin yenidən açılmasının istehlakın artmasına və ehtiyatların daha da tükənməsinə səbəb olacağına əmindirlər.

R.Hardi Neft İxrac edən Ölkələr Təşkilatı və onun müttəfiqlərinin gözlənilən tələb artımını qarşılamaq üçün hasilatı artırmaq məcburiyyətində qalacaqlarını söyləyib.

“Bu artım tamamilə OPEC-in hesabına həyata keçiriləcək, çünki başqa kütləvi istehsal artımı gözlənilmir”, – deyən R.Hardi ABŞ-dakı şist neft istehsalçılarının hasilatı əhəmiyyətli dərəcədə artıra bilməyəcəyini söyləyib.

“2021-ci ilin ikinci yarısı üçün tam məsuliyyət OPEC-də olacaq”, – “Vitol” rəhbəri bildirib.