İndoneziyanın axtarışları davam etdirilən sualtı qayığında oksigen ehtiyatı tükənib

53

Digər ölkələrdən yardım üçün gələn gəmiləri və təyyarələri gözləyən İndoneziya xilasediciləri itkin düşmüş “KRI Nanggala 402” sualtı qayığının axtarışlarını aprelin 24-də də davam etdiriblər.

AZƏRTAC İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə məlumat verən İndoneziya hərbi-dəniz qüvvələrinin admiralı Yudo Marqono oksigen ehtiyatının yerli vaxtla təqribən gecə saat 3:00 radələrində tükəndiyini və bununla da heyətin həyat fəaliyyətinin başa çatdığını bildirib.

Son məlumatlara görə, xilasedicilər təqribən 50-100 metr dərinlikdə elektromaqnit dalğalar qeydə alıblar və bunun itmiş sualtı qayığa məxsus olduğu güman edilir. İndoneziya silahlı qüvvələrinin mətbuat xidmətinin rəhbəri general-mayor Ahmad Riad isə xüsusi avadanlıqla təchiz edilmiş gəminin yaxın vaxtlarda axtarış zonasına yaxınlaşacağı və şüalanmanın mənbəyini aşkar edəcəyini bildirib.

İlkin məlumatlara görə, itkin düşmüş qayığın Bali adasının şimal sahillərindən 90 kilometr məsafədə olduğu güman edilir.

Bu ərəfədə İndoneziya Müdafiə Nazirliyi sualtı qayığın itdiyi ərazidə yanacaq ləkəsinin aşkar edildiyini bildirib. Göyərtəsində 53 nəfərin olduğu sualtı qayıq Bali yaxınlığında torpeda buraxılışı ilə əlaqədar hərbi təlimlərdə iştirak edirmiş.