Azərbaycan TAP ilə İtaliyaya təbii qaz nəqlini 77 % artırıb

66

Aprelin 17-dən etibarən Cənub Qaz Dəhlizinin bir həssəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Azərbaycandan təbii qazın nəqli 77 % artıb.

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, Türkiyə və Yunanıstan arasındakı Kipoy giriş nöqtəsində gündəlik olaraq 26 milyon kubmetr təbii qaz daxil olur.

Bu təbii qazın böyük hissəsi İtaliyaya nəql edilir. Son bir həftə ərzində bu ölkəyə 22 milyon kubmetrə yaxın təbii qaz tədarük edilib. Bu müddət ərzində Yunanıstana nəql edilənb təbii qazın həcmi 4 milyon kubmetr təşkil edib.

Azərbaycan qazının Avropaya tədarükünün kəskin artması Şimal-Qərb Avropa ölkələrindən fərqli olaraq, İtaliyanın növbəti istilik mövsümünə qədər anbarlara qaz vurma mövsümünə başladığı ilə əlaqəli ola bilər.

Avropalı treyderlər bildirirlər ki, Trans-Adriatik Qaz Boru Kəmərinin platformasına görə, texniki cəhətdən gündəlik 33 milyon kubmetr qaz tədarük etmək gücündədir və gündəlik 31 milyon kubmetr ötürmə gücü ilə müqavilə bağlanıb.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (%) şirkətləridir.