“Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində neft-qaz yataqlarının Xəzər dənizinə və ətraf mühitə təsirlərinin öyrənilməsi, dənizin geoloji ehtiyatları, eləcə də ekoloji vəziyyətlə bağlı məlumatların əldə edilməsi məqsədilə kompleks ekoloji tədqiqatlar keçirilməsi zərurəti yaranıb”.
APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin baş məsləhətçi-müfəttişi Bəxtiyar Seyidov deyib. O bildirib ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əmr imzalanıb: “Əmrə əsasən, nazirik tərəfindən monitorinq qrupu təşkil olunub. Ötən ilin aprelindən Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən Şahdəniz, Abşeron, Çıraq, Ələt, Mərkəzi-Azəri, Çıraqlı, Neft Daşları, Səngəçal və digər yataqlarda monitorinq işləri həyata keçirilib. Monitorinq zamanı 56 müxtəlif koordinatdan su nümunələri götürülüb. Hazırda nümunələr üzərində işlər aparılır”.