“Dəniz” qəzeti Xəzər Dəniz Gəmiçiliyinin 90 illik salnaməsidir

65

“Dəniz” qəzeti 90 illik yubileyini qeyd edir.

1931-ci ilin aprelində “Ştorm” adı ilə nəşrə başlayan qəzet sonrakı illərdə “Kaspi bolşeviki”, “Xəzər kommunisti” adlandırılıb. Ötən əsrin 60-cı illərindən “Xəzər dənizçisi” adı ilə buraxılan gəmiçilik qəzeti müstəqillik dövründən “Dəniz” adı ilə çıxır.

İlk sayından Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mürəkkəb və çoxşaxəli həyatına ayna tutan “Dəniz”in köməkliyi ilə Gəmiçiliyin tarixinin son 90 ilini öyrənmək, gəmilərimizin səfər coğrafiyası ilə tanış olmaq üçün arxiv künclərini araşdırmağa lüzum yoxdur. Gəmiçiliyin 1931-ci ildən sonrakı həyatı bütün dolğunluğu ilə qəzetin səhifələrində əks olunub. Başqa sözlə, ötən illərdə dənizçilərin, gəmi təmirçilərinin həyatında elə bir mühüm hadisə olmayıb ki, “Dəniz”in gözündən qaçsın, səhifələrində əksini tapmasın.

Azərbaycanın dənizçilik həyatının salnaməsi olan “Dəniz” hər zaman dalğalar qoynunda gecə-gündüz səfərlərə çıxan, daşıdıqları milyonlarla ton dinc yüklərlə məmləkətimizin iqtisadi tərəqqisinə təkan verən, yad sularda müstəqil Azərbaycanın üçrəngli bayrağını qürurla dalğalandıran Xəzər dənizçilərinin fədakar əməyindən, işə vicdanlı münasibətindən, yüksək mənəvi keyfiyyətlərindən, taleyini dəniz nəqliyyatı ilə bağlayanların sağlamlığı, istirahəti, təhsili ilə bağlı gəmiçilikdə həyata keçirilən mühüm tədbirlərdən eyni səmimiyyətlə söz açıb.

Təbii ki, “Dəniz”i bu yaşa çatdıranlar olub. Elə buna görə vaxtı ilə hövzə qəzetində çalışanları bu gün böyük minnətdarlıq duyğuları ilə xatırlayır, dünyasını dəyişənlərin isə ruhu qarşısında baş əyirik. A. Babayev, Ə. Ələkbərov, M. Ağayev, Q. Səlimov, S.Hüseynov, F. Mustafayev müxtəlif illərdə qəzetin yaradıcı kollektivinə rəhbərlik edərək gözlərinin nuru, ürəklərinin istisi ilə “Dəniz”in ömrünə ömür calayıblar. 2001-ci ildən indiyədək isə “Dəniz” qəzetinə Rasif Tahirov Baş redaktorluq edib.

Artıq 4 ildir, yeni çağırışlara uyğun olaraq “Dəniz”in ənənələrini həm də qəzetin online variantı – www.seanews.az saytı davam etdirir.

“Seanews.az” dənizçilik və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin digər tərəfdaş şirkətləri haqqında daim yenilənən xəbərlər, maraqlı videomateriallar, dənizçi sülalələri, ən yaxşı kapitan və mexaniklər haqqında yazılar, taleyini dəniz nəqliyyatı ilə bağlayanlarla müsahibələr, ekspert rəyləri ilə xidmətinizdədir. Saytda Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq dəhlizləri, Xəzərdə aparılan neft-qaz əməliyyatları barədə də mütəmadi məlumatlar yerləşdirilir.

“Seanews.az”ın köməkliyi ilə təkcə Azərbaycanda deyil, ayrı-ayrı ölkələrdə gəmiçiliklə bağlı maraqlı xəbərləri anında əldə etmək mümkündür.