Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsini hazırlayacaq şirkət məlum olub

57

Böyük Britaniyada yerləşən “BVG Associates” konsaltinq şirkəti (BVGA) Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsini hazırlayacaq.

“APA-Economics”in “BVG Associates”ə istinadən verdiyi məlumata görə, yol xəritəsi bu ilin aprel ayında Energetika Nazirliyi ilə Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında imzalanmış anlaşma memorandumu çərçivəsində hazırlanacaq.

Məlumata görə, BVGA Dünya Bankı Qrupu ilə birlikdə Xəzərin Azərbaycan sektorunda külək enerjisinin inkişafı üçün ən əlverişli sahələrini müəyyənləşdirəcək.

Vurğulanır ki, cari il ərzində BVGA “Atkins and Encotec” şirkətlərinin texniki dəstəyi ilə yol xəritəsinin hazırlanması prosesinə rəhbərlik edəcək.

Yuxarıda qeyd olunan memoranduma əsasən, IFC ilə əməkdaşlıq Azərbaycanda dənizdə külək enerjisi potensialının qiymətləndirilməsini və yol xəritəsinin işlənib-hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəkləri nəzərdə tutur.

Anlaşma Memorandumu ilə nəzərdə tutulan bütün bu işlər IFC-nin “Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çərçivəsində yerinə yetiriləcək. Bu proqram Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarə edilməsində Yardım Proqramı” – ESMAP çərçivəsində maliyyələşdirilir. ESMAP çərçivəsində aparılan ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilir.