Türkiyənin təbii qaz bazarı: Mövcud vəziyyət və perspektivlər

85

Hal-hazırda enerji mənbələri dövlətlər arasındakı münasibətlərə və dövlətlərin iqtisadi, siyasi və sosial inkişafına təsir edən əsas amillərdən birinə çevrilmişdir. Bu mənada təbii qaz mənbələrinin mövcudluğu istənilən ölkə üçün olduqca əhəmiyyətlidir, çünki bu yanacaq növü ənənəvi yanacaqlar arasında dünya enerji istehlakında əhəmiyyətli paya sahibdir. Məsələn, qlobal enerji istehlakında təbii qazın payı təqribən 23% bərabərdir. Son zamanlar dünya enerji sektorunda cərəyan edən proseslər göstərir ki, məhz təbii qazdan istifadə, alternativ və bərpa olunan enerji vasitələri ilə birgə daha da artacaqdır. Bu proses artıq Avropa enerji siyasətində öz əksini tapıb, belə ki, bir çox dövlətlər öz enerji təhlükəsizliyini təmin etmək üçün müxtəlif layihələr həyata keçirirlər.

Türkiyə Respublikası da bu istiqamətdə fəal işlər görür, çünki təbii qaz sektoru Türkiyə dövləti üçün ən vacib sektorlardan biridir. Bu sektor ölkənin inkişafına bir başa təsir göstərir və təbii qazdan istifadə ölkənin ümumi enerji istehlakında artmaqda davam edir. Vurğulamaq lazımdır ki, dövlətə məxsus BOTAŞ (Boru Kəmərləri ilə Neft daşıma şirkəti), təbii qaz sektorunda əsas rol oynayır. Demək olar ki, BOTAŞ təbii qaz idxalının təxminən 80 %-nı idarə edir, ölkədə təbii qaz boru kəmərləri tikir və istismar edir. Ölkədə təbii qaz qiymətləri də əsasən BOTAŞ tərəfindən idarə olunur. 2001-ci ildə qəbul olunmuş “Təbii qaz bazarı” qanunu ilə özəl sektor da bazarda daha aktiv rol oynamağa başlamışdır. Qanunun əsas məqsədi ölkənin təbii qaz bazarında rəqabəti artırmaq və özəl sektorun fəaliyyətinin stimullaşdırılması olmuşdur. Lakin hələ də təbii qaz bazarında sərbəstləşmə və rəqabətlilik məsələləri tam həllini tapmayıb.

BOTAŞ-ın məlumatına əsasən 2020-ci ildə ölkənin təbii qaz şəbəkəsinə qaz axını illik müqayisədə 6.38% artaraq 50 milyard kubmetrə çatmışdır. Müqayisə üçün bu rəqəm 2017-ci ildə 53.86 milyard kubmetrlə ölkə tarixində ən yüksək göstəriciyə bərabər olmuşdur. 2020-ci ildə müşahidə olunan təbii qaz artımı əsasən ev təsərrüfatlarında təbii qaz istehlakının artması ilə əlaqəlidir. Ümumiyyətlə isə ölkədə, xüsusilə elektrik enerjisi sektorunda müşahidə olunan inkişaf təbii qaz istifadəsinin artması ilə nəticələnib.

Diaqram 1Türkiyənin illik təbii qaz istehlakı, milyard kubmetr

Mənbə: https://www.enerjiatlasi.com/dogalgaz-tuketimi/

Qeyd etmək lazımdır ki, son zamanlar ölkə miqyasında qazlaşdırma prosesi ildən-ilə daha geniş miqyas almışdır. Ölkənin qaz şəbəkə sistemi, ümumilikdə 581 yaşayış məntəqəsini əhatə etmək üçün daha 31 bölgəyə əlavə qaz tədarükü məqsədi ilə genişləndirilmişdir və 2020-ci ilin sonuna olan məlumata əsasən, ölkədə təbii qaz abunəçilərinin sayı təxminən 17,5 milyona çatmışdır.

Ölkənin təbii qaz bazarına nəzər salsaq görərik ki, Türkiyənin təbii qaz anbar tutumu 3,84 milyard kubmetrə çatdırılmışdır. Türkiyənin öz daxili təbii qaz istehsalı ölkənin qaza olan ehtiyacının çox az hissəsini təmin edə bilir. Məsələn, 2020-ci ildə ölkənin daxili təbii qaz istehsalı təxminən 457 milyon kubmetrə bərabər olmuşdur ki, bu göstərici ümumi qaz istehlakının təxminən 1%-na bərabərdir. Bu da onu göstərir ki, ölkənin təbii qaz idxal asılılığı 99%-ə bərabərdir.

Mənbə: https://www.enerjiatlasi.com/dogalgaz-tuketimi/

Diaqram 2: 2020-ci ilin iyun ayında sektorlar üzrə təbii qaz istehlakı, (%)

Mənbəhttps://www.epdk.gov.tr

Türkiyə kimi, güclü dövlət öz enerji təhlükəsizliyini təmin etmək və iqtisadiyyatının böyüməsi üçün müxtəlif enerji layihələrini həyata keçirir və eyni zamanda da özünün xam neft və təbii qaz kəşfiyyatı istiqamətində işlər aparır. Bu mənada, təbii qazın Türkiyəyə nəqli iki yolla həyata keçirilir. Birinci yol, təbii qazın boru kəmərləri vasitəsilə bu ölkəyə nəqli. 

 İkinci yol isə mayeləşdirilmiş təbii qazın (LNG) nəqlidir. 

Türkiyəyə təbii qaz nəqli və boru kəmərləri məsələlərinə toxunduqda, qeyd etməliyik ki, son illər ərzində bir neçə əhəmiyyətli boru kəmərləri istismara verilmişdir. Rusiyadan Avropaya qaz boru kəməri “Türk axını” başa çatmışdır. Türkiyə və Avropa üçün digər vacib enerji layihəsi “Cənub Qaz Dəhlizi” layihəsidir. “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və TransAdriatik Boru Kəməri (TAP) layihələri tam yekunlaşıb və Xəzər dənizindən çıxarılan Azərbaycan qazı həm Türkiyə, həm də Avropa enerji bazarlarına nəql olunur. Bu layihələr vasitəsi ilə Türkiyə həm tələbatını ödəyir, həm də tranzit ölkəyə çevrilmişdir. Qeyd etməliyik ki, TANAP vasitəsi ilə Türkiyə boru kəmərinin 2018-ci ilin iyun ayında ticari fəaliyyətə başlamasından 2020-ci ilin sonuna qədər təxminən 8.4 milyard kubmetr təbii qaz almışdır.

Göründüyü kimi, enerji layihələri Türkiyəni regional enerji mərkəzinə çevirir və onun geosiyasi əhəmiyyətini daha da artırır. Ümumiyyətlə isə Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyi üçün olduqca vacib amillərdən biridir. TANAP və TAP boru kəmərlərinin birləşməsi nəticəsində Avropa enerji təhlükəsizliyi istiqamətində vacib mərhələni uğurla keçmişdir. Məhz bu layihələr Azərbaycan təbii qazını müxtəlif enerji bazarlarına nəql etməklə, Türkiyənin və Avropanın təbii qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsi prosesinə öz töhfəsini verir.

Türkiyəyə təbii qaz tədarük edən ölkələr siyahısına nəzər salsaq, görərik ki, Rusiya Federasiyası bu siyahıda ilk yerdədir. Türkiyə Enerji Bazarlarını Tənzimləmə Qurumunun 2021-ci ilin yanvar ayı üçün “Təbii qaz bazarı sektoru hesabatı”na əsasən, ölkəyə qaz idxalının təxminən 4 milyard 508 milyon kubmetri boru kəməri, 1 milyard 585 milyon kubmetr LNG vasitəsilə həyata keçirilmişdir. Bu dövr ərzində boru kəmərləri ilə təbii qaz idxalı 16,8% artmışdır. Beləliklə, yanvar ayı ərzində ən çox təbii qaz idxalı 2 milyard 675 milyon kubmetr ilə Rusiyadan həyata keçirilmişdir. Rusiyadan sonra 1 milyard 119 milyon kubmetr ilə Azərbaycan ikinci, 714 milyon kubmetrlə isə İran üçüncü sırada olmuşdur. Qeyd etməliyik ki, dövr ərzində Rusiya və Azərbaycandan qaz idxalı müvafiq olaraq 21% və 18,4%, İrandan isə 1,4% artmışdır.

LNG tədarükünə gəldikdə isə Türkiyə 2020-ci ildə dünyada illik 1.3 milyon ton LNG idxal artımı ilə Çin və Hindistandan sonra üçüncü yerdə qərarlaşmışdır. Ümumiyyətlə, 2020-ci ildə Əlcəzairdən Türkiyə 5.6 milyard kubmetr LNG idxal etmişdir. Bundan başqa Türkiyə Qətərdən 3.2 milyard, ABŞ-dan 3 milyard və Nigeriyadan 1.9 milyard kubmetr LNG idxal etmişdir. LNG idxal siyahısında olan digər ölkələr isə Anqola, İspaniya, Kamerun, Trinidad və Tobaqo kimi ölkələr yer almışlar.

Yuxarıda qeyd edildiyi kimi, enerji mənbələrini şaxələndirmək istəyən Türkiyə LNG sahəsinə xüsusi önəm verir. Ölkədə BOTAŞ-a məxsus illik 5,9 milyon ton tutumlu Marmara Ereğlisi LNG və özəl sektora aid illik 4,4 milyon ton tutumlu Egeqaz LNG olmaqla quruda yerləşən iki LNG terminalı mövcuddur. Bundan başqa , İzmirin Aliağa bölgəsində özəl bir sektor aid dənizdə üzən LNG saxlanması və qazlaşdırılması gəmisi istifadə olunur. Əlamətdar hadisədir ki, Türkiyə dənizçilik tarixində ilk üzən LNG saxlanması və qazlaşdırılması gəmisi – “Ertuğrul Gazi” artıq ölkəyə gətirilib və Hatay bölgəsində BOTAŞ Dörtyol terminalında yerləşdirilib. Görünən odur ki, gələcəkdə Türkiyə LNG tədarükünün artması istiqamətində işləri daha da genişlənəcək və ölkənin ümumi enerji istehlakında LNG-nin payı daha da artacaqdır.
Ümumiyyətlə, son zamanlar Türkiyə enerji sahəsində əhəmiyyətli işlər görmüşdür. Yuxarında göstərildiyi kimi, ölkənin enerji şəbəkəsinə müxtəlif mənbələrdən təbii qaz daxil olur və Türkiyə qaz mənbələrinin diversifikasiyasında olduqca maraqlıdır. Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyə uzun illərdən bəri Qara və Aralıq dənizində ona məxsus olan qaz ehtiyatlarının axtarışında maraqlı idi. Ötən ilin 21 avqust tarixində Türkiyənin Qara dənizdə qaz yatağı aşkarlaması əlamətdar hadisə olmuşdur. Türkiyənin “Fatih1” gəmisinin aşkarladığı qaz yatağı təxminən 320 milyard kubmetr ehtiyata malikdir. Türkiyənin özünə məxsus təbii qaz yatağının aşkar edilməsi bu ölkə üçün olduqca vacibdir, bu proses diversifikasiya baxımından olduqca əhəmiyyətlidir.

Türkiyə hər zaman təbii qaz idxalından yüksək səviyyədə asılı olmuşdur və qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsi gələcəkdə qaz qiymətlərini daha rəqabətli edəcəkdir. Ölkə üçün qaz mənbələrinin şaxələndirilməsi hal-hazırda aktual məsələyə çevrilmişdir və 320 milyard kubmetr qazın aşkarlanması isə Türkiyəyə əlavə stimul verəcək ki, təbii qaz ixrac edən ölkələrlə daha optimal qaz qiymətləri razılaşması əldə etsin və idxaldan asılılığını daha da azaltmış olsun. Cari ildə Türkiyənin 15.9 milyard kubmetr paya sahib olan təbii qaz idxal müqavilələri başa çatacaq və yeni müqavilələrdə daha aşağı qaz qiymətlərinə nail olmaq Türkiyənin əsas məqsədidir. Artıq cari ilin aprel ayında Türkiyənin Azərbaycandan aldığı 6,6 milyard kubmetr təbii qaz müqaviləsinin vaxtı da başa çatıb. Hazırda BOTAŞ ikinci enerji müqaviləsinə uyğun olaraq, Azərbaycanın Şah Dəniz-2 mərhələsindən illik 6 milyard kubmetr təbii qazı TANAP vasitəsi ilə alır. Bu kontekstdə, yeni təbii qaz müqaviləsinin imzalanması hər iki tərəf üçün önəmli olmalıdır.

Sonda, qeyd etməliyik ki, Türkiyənin gələcək perspektivdə enerji siyasətinin əsas hədəfi enerji asılılığını azaltmaq, enerji mənbələrini və marşrutlarını diversifikasiya etmək, müxtəlif enerji layihələrində iştirak etməklə ölkəni təbii qaz bazarında regional “hub”a çevirməkdir. Bu amillər isə ölkənin geosiyasi vəziyyətini daha da gücləndirəcək və digər regional dövlətlərlə qarşılıqlı əlaqələrə müsbət təsir göstərəcəkdir.

Şahmar Hacıyev
BMTM-nın eksperti