Tranzit yüklərin Azərbaycan üzərindən daşınması ölkəmizə valyuta axınını təmin edəcək

330

İranın Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan dövlətlərlə 2020-ci ildəki ticarət dövriyyəsinin həcmi 3 milyard 407 milyon dollara çatıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Gömrük İdarəsinin baş direktoru Mehdi Mirəşrəfi deyib. O bildirib ki, əvvəlki illə müqayisədə ixracın həcmində 31, idxalın həcmində isə 69 faiz artım müşahidə edilib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Aİİ-yə daxil olan dövlətlərdən Rusiya və Belarus ilə İranın ixrac-idxal əməliyyatları Azərbaycan üzərindən həyata keçirilir. Bu ölkələrə ixrac və idxal olunan mallar Azərbaycan üzərindən daşınır.

İranın Gilan, Mazandaran və Ərdəbil vilayətlərində fəaliyyət göstərən ixracyönümlü müəssisələr məhsullarını Astara gömrük məntəqəsindən dünya bazarına çıxarırlar. İran Astarası ilə Azərbaycan Astarası arasındakı gömrük məntəqəsi hər iki dövlət üçün əhəmiyyətlidir. Buradan yalnız fərdi sahibkarlar deyil, eləcə də iri şirkətlərin yükləri daşınır. İranın digər vilayətlərində də Rusiya və Belarusa göndərilən məhsullar Astara gömrüyündən keçərək ixrac edilir. Lakin avtomobillərlə daşınan yüklərin həcmi az olur. Bu baxımdan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentindən biri olan dəmir yolu daha optimal və sərfəlidir. Söhbət Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttindən gedir. Bu yolun Qəzvin-Rəşt hissəsi hazırdır. Rəşt-Astara hissəsində isə işlər davam edir.

İran tərəfi sanksiyalarla üzləşdiyi üçün inşaat işləri ləng həyata keçirilir. Lakin artıq İran ilə ABŞ arasında tədricən dialoq bərpa edilir. Bunu Vyanada aparılan danışıqlar və rəsmi şəxslərin verdikləri bəyanatlar da deməyə əsas verir. Bundan başqa, ABŞ İranın mühüm limanlarından olan Çabahar limanını da sanksiyalar siyahısına salmayıb ki, bu da Cənubi-Şərqi Asiya ölkələri ilə Rusiya və Avropa arasındakı nəqliyyat əlaqəsinin yaranmasına imkan yaradıb. İstər Oman dənizi sahilindəki Çabahar, istərsə də Fars körfəzi sahilindəki Bəndər-Abas limanına daxil olan yüklər istənilən halda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Avropaya daşınacaq. Tranzit olaraq yüklərin Azərbaycan üzərindən daşınması ölkəmizə valyuta axınını təmin edəcək. Bununla yanaşı, bu yol Azərbaycan ilə İran arasındakı iqtisadi əlaqələrin inkişafına stimul verəcək.

Yuxarıda qeyd etdiyimiz kimi İranın yalnız sərhədyanı regionları ilə deyil, digər vilayətləri ilə də iqtisadi-ticarət əlaqələri qurulacaq. Beləliklə, tranzit yükdaşımadan başqa, iki qonşu ölkə arasında da idxal-ixrac əməliyyatlarının həcmi və dəyəri artacaq.

İranın Gömrük İdarəsinin baş direktoru M.Mirəşrəfi yalnız İrandan ixrac olunan malların həcmini və dəyərini göstərib. Sözügedən dəmir yolu hazır olduqdan sonra isə tranzit daşımaların da həcmi dəfələrlə artacaq və Azərbaycan üzərindən Avropaya daşınacaq.

Bir məqamı da qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azad olması regionda yeni reallıqlar yaradıb. Bu reallığa Zəngəzur dəhlizi də daxildir. Artıq Azərbaycan Prezidenti İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub və tikinti işləri aparılır. Bu yol Azərbaycanı Türkiyə və Avropa, eləcə də Rusiya ilə Türkiyəni nəqliyyat baxımından birləşdirəcək və yükdaşımalar Azərbaycan üzərindən həyata keçiriləcək. Bütün bu nəqliyyat dəhlizləri Azərbaycana təkcə iqtisadi dividendlər deyil, həmçinin siyasi zəmanət də qazandıracaq.