Tələbatla bağlı şübhələr neftin qiymətini azaltdı

53

Dünya neft bazarındakı qiymətlər qısa perspektivdəki tələbatın azalacağına dair şübhələrin də təsirilə azalmağa davam edir.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 8.41-ə olan vəziyyətə görə “Brent” markalı neftin iyul fyüçersləri 0,4 % ucuzlaşaraq 66,78 ABŞ dollarından, “WTI” markalı neftin iyun fyüçersləri də 0,3 % ucuzlaşaraq 63,63 ABŞ dollardan satılıb. Ötən gün isə qiymətlər 3 %-dən artıq azalmışdı.

Ekspertlərin qənaətincə, Asiya və Latın Amerikanın bir sıra ölkələrində epidemioloji vəziyyətin pisləşməsi qısa perspektivdə neftə olan tələbatla bağlı bədbinliyə əsas versə də, sonradan tələbatın yenə artacağı gözlənilir. “Bloomberg” xəbər verir ki, “IHS Markets”in eksperti Viktor Şumun fikrincə, bunun nəticəsində “Brent”in qiyməti 65-79 ABŞdolları ətrafında cərəyan edəcək.

Həmçinin ABŞ-da ötən həftə haker hücumuna məruz qalmış ən böyük boru kəmərləri operatoru “Colonial Pipelines” şirkətinin ötən gecə fəaliyyətə qayıtdığını açıqlaması da qiymətləri azaldan amil olaraq qəbul edilir.