Baltikyanı ölkələrdəki ən güclü avtotransformator Litvaya gətirilib

64

Litva və Polşa arasında elektrikötürücü sistemləri “LitPol Link” əlaqəsinin genişləndirilməsi məqsədilə Litvanın Klaypeda limanına avtotransformator gətirilib.

AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, Türkiyənin “General Electric” zavodunda istehsal olunmuş avtotransformator Derince limanından götürülərək, Aralıq dənizi, Atlantik okeanı və Baltik dənizi ilə 7000 kilometr məsafə qət edildikdən sonra Litvaya gətirilib və ötən gün barjaya yüklənib.

Bildirilib ki, bu layihə Litvanın elektrik enerjisinin ötürülməsi üzrə sistem operatoru “Litgrid” tərəfindən həyata keçirilir və ölkənin enerji müstəqilliyini artırmağı hədəfləyir.

“Bu gün biz nəinki Baltikyanı ölkələrdə ən güclü avtotransformatoru əldə etmişik, həm də, ən başlıcası, mənim buna əminliyim yaranıb. Bu, “LitPol Link” əlaqəsinin əsasını təşkil edəcək və sistemin Avropa qitəsi ilə “eyni dalğada” − sinxron şəkildə fəaliyyətini təmin edəcək üç cihazdan birincisidir. “LitPol Link” layihəsi bir neçə aydan sonra başa çatacaq, o zaman biz Avropa qitəsinə sinxron şəkildə qoşulma sınaqlarına hazır olacağıq”, – deyə Litvanın energetika naziri Daynyus Kreyvis söyləyib.

““LitPol Link”in Polşa ilə birləşdirilməsi bizim Qərbi Avropaya açılan qapımızdır və bu avtotransformator onun açarıdır”, – deyə “Litgrid”in baş direktoru Rokas Masyulis söyləyib.