Ərəb jurnalist Azərbaycanın Böyük İpək Yolu layihəsində əhəmiyyətindən yazıb

440

Əlcəzairin “Əl Hərir” informasiya portalında Beynəlxalq Ərəb Jurnalistlər Federasiyası sədrinin müşaviri, tədqiqatçı-jurnalist Əbdülhəmid Əl-Kubənin “Azərbaycanın Böyük İpək Yolu layihəsində rolu” sərlövhəli məqaləsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında yolun strateji hissəsində yerləşdiyi, hələ orta əsrlərdə Böyük İpək Yolunun üzərində mühüm ticarət mərkəzi olduğu diqqətə çatdırılır. Müəllif qeyd edir ki, ticarətlə yanaşı, həm də mədəni əlaqələri, o cümlədən müxtəlif xalqların adət-ənənələrini özündə əks etdirən Azərbaycan Qafqaz regionunda ən mühüm ölkəyə çevrilib. Xəzər dənizinin qərbində yerləşən Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında qovşaq rolu oynayıb və bu, indi də aktualdır.

Məqalədə qeyd olunur ki, Azərbaycan qədim dövrdən sivilizasiyalar arasında koordinasiya rolunu oynayıb. Dəniz və quru yolları vasitəsilə buraya axışan tacirlərin izləri bu gün Bakı, Naxçıvan, Şəki, Bərdə və digər şəhərlərdəki tarixi-mədəni abidələrdə qalır. Eyni zamanda, azərbaycanlı sənətkarların metal, keramika, ipək və taxtadan hazırladıqları məhsullar İpək Yolu vasitəsilə Şərq və Qərb ölkələrinə daşınıb. Onların arasında ən çox populyar olanı müxtəlif dövrlərin mədəni irsini əks etdirən və yüksək zövqlə toxunmuş Azərbaycan xalçalarıdır.

Müəllif vurğulayır ki, Azərbaycan 2013-cü ildə Çinin irəli sürdüyü “Bir yol, bir kəmər” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Prezident İlham Əliyev bu təşəbbüsə böyük əhəmiyyət verdiyini bəyan edib. Azərbaycanın dövlət başçısı 2015-ci ilin dekabrında Pekinə səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə Bakının sözügedən layihədə fəal iştirak etmək əzmində olduğunu bildirib.