Moşnıy adasından 40-50 km cənub-qərbdə 1941-ci ilin avqustunda Fin körfəzində alman aviazərbələri nəticəsində batmış 4 gəmi tapılıb.
“Seanews.az” xəbər verir ki, gəmilər 5-15 may 2021-ci il tarixlərində “Böyük Qələbənin gəmilərinə salam! Leninqrada qədər 180 mil. Müasir dəniz xəritəsində Tallin cəbhəsinin yarılmasının tarixi” layihəsi çərçivəsində təşkil olunan xüsusi ekspedisiya nəticəsində aşkarlanıblar. Gəmilər tora büründüyündən tədqiqatlar zamanı bir çox çətinlik yaşanıb.
Göyərtələrdə və anbarlarda silah-sursat qalıqları, kapitan körpüsündə isə güllə ilə yarıyadək dolu yeşiklər tapılıb. Gəmilərin adlarını burada aşkarlanan gəmi zənglərinin sayəsində müəyyənləşdirmək mümkün olub. “Fertoinq” şirkətinin mütəxəssisləri hidroqrafik araşdırma apararaq batan gəmilərin 3D modelini də hazırlayıblar.
Qeyd edək ki, sözügedən gəmilər Tallinin almanlar tərəfindən yandırılmasından öncə şəhər müdafiəçiləri və əhalinin evakuasiyasına cəlb olunmuşdu. Gəmilərin illər sonra aşkarlanması ilə həmin faciədə həlak olmuş 2500 nəfərin xatirəsi əbədiləşdirilib.