ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin üzvləri Bakı Limanında olublar

67

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin (“Caspian Policy Center”) üzvləri Bakı Limanına səfər ediblər.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Ələt qəsəbəsində yerləşən Bakı Limanında olan qonaqlar iş prosesi ilə yerində tanış olub, QSC-nin Baş direktoru Taleh Ziyadovla görüşüblər.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta və Türkmənistandakı sabiq səfiri Riçard Hoqland, eləcə də elmi dairələrin nümayəndələrindən ibarət olan nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, 2020-ci ildə koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Bakı Limanı böyük uğurlar əldə edib. Belə ki, ötən il limanda ümumi yükaşırmanın həcmi 4,8 milyon tondan çox olub ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən 20 faiz çoxdur. Bu ilin ilk 3 ayında isə, ümumi yükaşırmanın həcmi 1,4 milyon tondan çox olub və bu da 2020-ci ilin müvafiq göstəricisinə nisbətdə 17 faizədək artım deməkdir.

Eyni zamanda, qonaqların diqqətinə çatdırılıb ki, Bakı Limanı Azərbaycandakı Amerika Ticarət Palatası (“AmCham” ) ilə sıx əməkdaşlıq edir və ötən dövrdə Bakı Limanı “Xəzər Siyasət Mərkəzi”nin təşkilatçılığı, “Blue Dot Network”un təşəbbüsü ilə həyata keçirilən Xəzər regionunda əməkdaşlıq perspektivlərinə həsr olunan vebinarda da uğurlu şəkildə iştirak edib.

Tədbirin sonunda qonaqları maraqlandıran suallar cavablandırılıb.