TAP kəmərin ötürücülük gücünü 3 ssenari üzrə genişləndirməyi təklif edir

233

Azərbaycan təbii qazını Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəməri (TAP) Konsorsiumu hazırda kəmərin üç ötürücülük gücünün genişləndirməsi ssenarisini təklif edir.

“Report”un TAP Konsorsiumunun yaydığı məlumata istinadən verdiyi xəbərə görə, bunu TAP-ın kommersiya direktoru Mariya Savova bildirib.

Onun sözlərinə görə, konsorsiumun təklif etdiyi birinci ssenari məhdud genişlənmədir ki, bu da boru kəmərinin illik təqribən 14,4 bcm (14,4 mlrd kubmetr) ötürücülük gücünə qədər genişləndirilməsidir.

M. Savova deyir ki, digər genişlənmə isə qismən genişlənmədir ki, bu da boru kəmərinin illik olaraq təqribən 17,1 bcm, yəni 17,1 milyard kubmetr ötürücülük gücünə malik olmasıdır.

TAP rəsmisi deyir ki, daha sonrakı genişləmə isə tam genişlənmədir ki, bu da təqribən 20 bcm, yəni illik 20 milyard kubmetr təbii qazın ötürülməsini təmin etmək deməkdir: “Açıq, şəffaf və ayrıseçkiliyə yol verilməyən bazar sınaqları prosesi ilə TAP bazara möhkəm uzunmüddətli potensial təklif edir. Biz yay dövründə təklifləri səbirsizliklə gözləyirik”.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.