İMO-nun Dəniz Təhlükəsizliyi Komitəsi dənizçilərin peyvəndlənməsinə dair qətnamə qəbul edib

48

Beynəlxalq Dəniz Təşkilatının (İMO) Dəniz Təhlükəsizliyi Komitəsi dənizçilərin “COVID-19” əleyhinə peyvəndlənməsinə dair fəaliyyət qətnaməsi qəbul edib.

“Seanews.az” xəbər verir ki, qətnamədə dənizçilərin peyvəndlənməsinə üstünlük verilməsinə yönəlik bir sıra tövsiyələr əksini tapıb. 

Sənəddə qeyd olunub ki, kifayət qədər vaksin tədarükü varsa, digər ölkə vətəndaşı olan dənizçilər üçün də peyvəndlərin təşkili nəzərdən keçirilməlidir. 

Bundan başqa, vətəndaşların peyvənd olunmasını təsdiqləyən sənəd tələbinin dənizçilərə şamil edilməməsi məsələsinin nəzərdən keçirilməsi də təkliflər sırasındadır.  Dənizçilər vacib işçi kimi tanınmalı və sərhədləri sərbəst keçə bilməlidirlər.

Sözügedən qətnamədə gəminin limanda olduğu qısa vaxtı nəzərə alaraq dənizçilərin peyvəndlərnməsi məqsədilə infrastruktur yaratmaq planlarının hazırlanması da tövsiyə olunur. 

Sənəddə Beynəlxalq Dəniz Təşkilatına üzv  ölkələrə, beynəlxalq təşkilatlara, gəmiçilik şirkətlərinə və digər maraqlı tərəflərə öz dənizçilərinə peyvəndin təhlükəsizliyi, faydaları, könüllü olması barədə məlumat verilməsi bildirilir.