Yanvar-aprel aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 1,5 dəfə artıb

90

2021-ci ilin yanvar-aprel aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 5 milyard 963,4 milyon kubmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 50,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 48,1%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.

Bütövlükdə, yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 12 milyard 387,4 milyon kubmetr qaz (artım 10,8%) nəql edilib.

Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstana və əsasən də Türkiyəyə ixrac olunur. Bununla yanaşı, Azərbaycan Türkiyəyə yalnız bu yataqdan qaz tədarük edir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

interfax