Bakıdakı ictimai çimərliklərdə yay mövsümünə hazırlıq başa çatıb

82

Çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklərdə movsümə hazırlıq işləri başa çatıb.

APA-nın məlumatına görə, 2 il ərzində Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə ümumilikdə 6 yerdə fəaliyyət göstərən ictimai çimərliklər şəhər sakinlərinin Leyla Əliyevaya müraciətlərindən sonra paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb.

Burada yaradılan şərait və ən başlıcası pulsuz xidmət göstərilməsi Bakı sakinləri və şəhər qonaqlarının böyük rəğbətini qazanıb.

Çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb, qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılılıb, digər təmizlik işləri görülüb. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar mütəmadi olaraq yoxlanılır, qaydaya salınır, cari təmir işləri, bir sıra yerlərinin rənglənməsi aparılır.

Qeyd edək ki, COVID-19 pandemiyasının davam etməsi ilə əlaqədar vətəndaşların sağlamlıqlarının qorunması məqsədi ilə çimərliklərdə mövcud epidemioloji vəziyyətə uyğun tədbirlər nəzərdə tutulub. Çimərlik ərazilərində maafirləndirici lövhələr, poster və elanlar yenilənir.

Xatırladaq ki, çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri təşkil olunub.

Xatırladaq ki, paytaxtda çimərlik mövsümünün başlanmasının vaxtının təyin edilməsi və burada istirahət qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və təlimatları əsasında həyata keçirilir.